“Günay Bank” ASC 2020-ci ilin 1-ci yarısını 617,5 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin 1-ci yarısında 752 min manat xalis mənfəət əldə etmişdi. Bankın əməliyyat mənfəəti artıb, xalis mənfəətin azalması ehtiyata ayırmanın artması ilə əlaqədardır.

Unikal.org-un Marja.az-a istinadla verdiyi xəbərə görə, bankın 2020-ci il üzrə 6 aylıq Hesabatı göstərir ki, 2020-ci ilin yanvar-iyun dövründə “Günay Bank”ın faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 537 min manat və ya 9,2% artaraq 6 milyon 352 min manat təşkil edib. Bank 2019-cu ilin ilk 6 ayında 5 milyon 815 min manat faiz gəlirləri əldə etmişdi.

2019-cu ilin 1-ci yarısı ilə müqayisədə 2020-ci ilin 1-ci yarısında “Günay Bank”ın qeyri-faiz gəlirləri də 782 min manat və ya 21,7% artaraq 4 milyon 390 min manat təşkil edib.

2020-ci ilin ilk 6 ayında “Günay Bank”ın cəmi əməliyyat gəlirləri 10 milyon 742 min manat, cəmi əməliyyat xərcləri 8 milyon 226 min manat, əməliyyat mənfəəti isə 2 milyon 516 min manat təşkil edib. Bank əməliyyat mənfəətinin 1 milyon 898 min manatını mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyata ayırdığından hesabat dövrünü 617,5 min manat xalis mənfəət ilə bağlayıb.

Qeyd edək ki, xalis mənfəətin 2019-cu ilin 1-ci yarısı ilə müqayisədə az olmasının səbəbi ehtiyata ayırmanın artmasıdır. Ötən ilin eyni dövründə ayırma 503 min manat təşkil etmişdi. 2018-ci ilin 1-ci yarısında “Günay Bank”ın cəmi əməliyyat gəlirləri 9 milyon 423 min manat cəmi əməliyyat xərcləri 8 milyom 167 min manat, əməliyyat mənfəəti 1 milyon 256 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətinin 503 min manatını ehtiyata ayırdığından hesabat dövrünü 752 min manat xalis mənfəət ilə bağlamışdı.

BANK BÖYÜYÜB, MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB

2020-ci ilin ilk 6 ayında “Günay Bank”ın müştərilərə verdiyi kreditlər 17 milyon 380 min manat və ya 11% artaraq 30 İyun 2020-ci il tarixində 176 milyon 296 min manat təşkil edib. Hesabat dövründə Bankın cəmi aktivləri 14,5% artaraq 247 milyon 198 min manata yüksəlib.

Ötən ilin sonu ilə müqayisədə “Günay Bank”ın depozit portfeli 21 milyon 681 min manat və ya 26,6% artaraq 103 milyon 250 min manata yüksəlib.

Bank 30 İyun 2020-ci il tarixində 65 milyon 120 min manat məcmu kapitala malik olub, bu da minimal tələbdən (50 milyon manat) yüksəkdir.