Bakı Mühəndislik Universitetinin (BMU) Maliyyə kafedrasının müdiri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Füzuli Əliyevin ABŞ Mərkəzi Florida Universitetinin professoru Richard Ajayi və digər həmmüəlliflərlə birgə yazdığı məqalə Hollandiyanın Scopus indeksli “The Journal of Economic Asymmetries” jurnalında dərc olunub.
BMU-nun mətbuat xidmətindən Unikal.org-a verilən xəbərə görə, “Modelling asymmetric market volatility with univariate GARCH models: Evidence from Nasdaq-100” adlı məqalədə dünya birjasının ən nüfuzlu səhm indekslərindən biri olan Nasdaq-100 indeksi gəlirlərin qeyri-simmetrik dinamikası qeyri-xətti modellərlə tədqiq edilib. 2000-2019-cu illərarası günlük indeks məlumatlarının tədqiqi nəticəsində müəlliflər volatillik şoklarının bu indeks gəlirlərində qalıcı olduğunu, şokların təsirinin qeyri-simmetrik, yəni neqativ şokların təsirinin eyni ölçülü pozitiv şokların təsirindən böyük olduğunu müəyyənləşdiriblər.
Tədqiqatın nəticələri bu indeksə investisiya edən investorların müvafiq pozisiya almasına köməklik edəcəkdir. Müəlliflər həmçinin, bu araşdırmların nəticələrinə əsaslanaraq əmtəə birja indekslərinin volatilliyini tədqiq etməyi təklif kimi irəli sürüblər.
Qeyd edək ki, “The Journal of Economic Asymmetries” Scopus məlumat bazasında indekslənir və istinad balı 1.3-dür. BMU aliminin məqaləsi Azərbaycandan “Economics, Econometrics and Finance” kateqoriyasında nəşr olunan azsaylı məqalələrdən biridir.