Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzillə təminatı proqramı davam etdirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Unikal.org-a verilən məlumata görə, bu gün Hacıqabul rayonundan 17 şəhid ailəsi və müharibə əlilinə (12 şəhid ailəsi, 5 nəfər Qarabağ müharibəsi əlili) Şirvan şəhərindəki 68 mənzilli yeni yaşayış binasından mənzillər təqdim edilib.
Verilən mənzillərdən 10-u ikiotaqlı, 3-ü üçotaqlı, 4-ü isə birotaqlıdır.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, digər sosial proqramlar kimi, şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzillə təminatı proqramı da davam etdirilərək genişləndirilir. Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı həmin kateqoriyadan olan vətəndaşlar üçün rekord sayda – 1500 evin verilməsinin nəzərdə tutulduğunu qeyd edərək deyib: “Əgər biz bu templə davam eləsək, yəqin ki, bir-iki il ərzində, maksimum üç il ərzində bu gün növbədə duran bütün şəhid ailələrini, hansılar ki, hələ mənzillər almayıb, mənzillərlə təmin edəcəyik”.
Yeni mənzillə təmin olunan şəhid ailələri və müharibə əlilləri onlara göstərilən yüksək qayğıya, mənzillə təmin edilmələrinə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.
Onlar mənzillərdə yaradılan şəraitdən razılıqlarını bildiriblər.
Cari ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən artıq 370 mənzil sahiblərinə verilib. 200-ə qədər mənzil, əlavə 100-ə qədər fərdi ev də artıq hazırdır.
Şirvan şəhərində 68 mənzilli yeni yaşayış binası “Kapital Bank” tərəfindən sosial məsuliyyət prinsipi çərçivəsində inşa etdirilərək, bu il iyulun 10-da istifadəyə verilib. Binada müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb.