AMEA Yüksək Texnologiyalar Parkının rezidenti statusunu əldə etmiş “Emsys” şirkətinin yaratdığı videokonfranslar, kollektiv onlayn müzakirələr və müxtəlif növ kütləvi onlayn tədbirlərin keçirilməsi üzrə virtual platforma kimi istifadə imkanlarına malik olan, müasir tələblərə cavab verən, xüsusilə ilk yerli istehsal olan proqram sistemi sınaqdan uğurla keçib və istifadəyə yararlı sayılıb.

Bu fikri Unikal.org-a sistemin elmi-texniki məsləhətçisi, “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru akademik Əli Abbasov bildirib.

Sözügedən proqram vasitəsi ilə “AMEA Yüksək Texnologiyalar Parkı” MMC və “Emsys” şirkətinin nümayəndə heyətlərinin birgə iştirak etdiyi sınaq videokonfransı baş tutub və proqramın keyfiyyəti YT Park nümayəndələri tərəfindən yüksək qiymətləndirilib.

Sistem COVID-19 və digər bu kimi problemlərlə üzləşən təşkilatların daha çevik və effektiv kommunikasiyası üçün  geniş perspektivlər açır və müasir tələblərə cavab verməklə yanaşı, dünyadakı digər analoqlarından fərqli olaraq milli təhlükəsizlik baxımından daha əlverişlidir.

Xarici analoqları ilə eyni, həmçinin ölkəmizin spesifik tələblərinə uyğun əlavə funksiyaları istifadəçilərinə təqdim edən, informasiya təhlükəsizliyi baxımından daha əlverişli olan bu sistem Azərbaycanda onlayn konfranslar üçün optimal platforma hesab edilə bilər.

Qeyd edək ki, Emsys şirkəti təhsilin idarə edilməsi üçün Empro platformasını yaratmışdır. İntellektual Tədris İdarəetmə Sisteminə Ali Təhsil Müəssisəsinin idarə olunması üçün müasir tələblərə cavab verən çoxsaylı modullar, o cümlədən disant təhsilin təşkili üçün həllər də daxildir. Beynəlxalq təcrübə göstərir ki, distant təhsil böyük potensiala malikdir və yaxın illərdə dəmək olar ki, hər bir universitetin zəruri tədris alətlərindən biri olacaq.