Dövlət İmtahan Mərkəzi bu gün növbəti buraxılış (qəbul) imtahanları keçirib.
Unikal.org xəbər verir ki, ilkin məlumatlara əsasən 3 nəfərin bədən hərarəti yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq imtahana buraxılmayıb.
2 nəfərdə isə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
İyulun 24-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.
Əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsində, V ixtisas qrupu və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul və 11-ci sinif üzrə buraxılış imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.
9-cu sinif üzrə buraxılış (qəbul) imtahanları, Azərbaycan dili (dövlət dili) imtahanlarının nəticələri isə yaxın 5 gün ərzində elan olanacaq.