Hannover Baytarlıq Tibbi Universitetinin alimləri qısa vaxtda apardıqları sınaqlar əsasında öyrədilmiş itlərin virusa yoluxmuş insanlardan götürülmüş nümunələri tanımaq imkanına malik olduğunu təsdiq edən geniş hesabat dərc ediblər.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, sınaqda səkkiz it iştirak edib. Onlara qoxu əsasında insan tüpürcəyində və tənəffüs yollarında koronavirusun mövcudluğunu müəyyən etmək öyrədilib. Təlimlər itlərin məşqi üçün insan müdaxiləsi tələb etməyən xüsusi aparatın köməyi ilə aparılıb.
Bir həftə sonra itlər koronavirusun mövcudluğunu 94% halda düzgün müəyyən edə biliblər. Onlar 1012 nümunədən 157 pozitiv, 792 neqativ testi dəqiq müəyyən ediblər, 66 nəticədə isə səhvə yol veriblər. Spesifiklik və həssaslıq göstəriciləri bu halda müvafiq olaraq 82.63% və 96.35% səviyyəsində olub ki, bu da SARS-cov-2-yə qarşı anticisimlər testlərinin parametrləri ilə tamamilə müqayisə edilə biləndir.
Tədqiqatın müəllifləri əmindirlər ki, öyrədilmiş itlər COVID-19-a yoluxmuş xəstələri aeroportlarda, sərhədlərdə, kütləvi tədbirlər zamanı müəyyən etməyə kömək edə, hətta laboratoriyalarda əlavə yoxlama testi kimi istifadə oluna bilər.