Hindistanın Assam ştatında musson yağışlarının törətdiyi fəsadlardan ölənlərin sayı 93-ə çatıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, mayın 22-dən başlayan yağışların əmələ gətirdiyi sel, daşqın və torpaq sürüşməsi ştatda 5,6 milyon sakinin həyatına mənfi təsir edib. Ötən sutka ərzində isə təbii fəlakətdən 4 nəfər ölüb, ştatın 26 rayonunda 2,8 milyon nəfər zərər görüb. Assam ştatının 2634 kəndini sel və daşqın suları basıb, 200 min hektar əkin sahəsində məhsul yararsız hala düşüb. Yağışların törətdiyi torpaq sürüşməsi nəticəsində 26 nəfər ölüb.
Hindistanın Mərkəzi Su Komitəsinin məlumatına əsasən, ştatın əsas çaylarında suyun səviyyəsi təhlükəli həddə çatıb. Avtomobil yolları, körpülər, boru xətləri dağılıb. UNESCO-nun dünya irs siyahısına daxil olan Kaziranqa milli parkının ərazisinin 95 faizinin su altında qaldığı bildirilir. Parkdakı nadir heyvanlardan 123-ü tələf olub.