Günümüzün ən aktual problemi olan qlobal koronavirus pandemiyası dünyada mövcud olan bütün sahələrə ciddi təsir etdiyi kimi təhsil sənayesi üçün də arzu olunmaz problemlər yaratmışdır. Dünyanın bir çox ölkələrində qəbul edilmiş sərt karantin qaydaları səbəbindən ali təhsilin universitetlər daxilində tədrisi qeyri-mümkün olmuşdur. Yaranmış vəziyyət ilə bağlı olaraq universitetlər məsafədən təhsilin tətbiqi yolunu seçərək, təhsilin davamlılığının təmin olunmasını prioritet vəzifə kimi həyata keçirməyə başlamışdır. Sevindirici haldır ki, bu prosesə Azərbaycanın ali təhsil müəssisələri çevik formada adaptasiya olundular.
Azərbaycan Turizm və Menecment Universitetindən Unikal.org-a verilən xəbərə görə, qlobal pandemiyanın beynəlxalq təhsil dünyası üçün yaratdığı problemləri müzakirə etmək üçün 24 iyul 2020-ci il tarixində İstanbul Texniki Universiteti, Bakı Ali Neft Məktəbi və Azərbaycan Dövlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə “COVID-19 pandemiyası dövründə onlayn təhsil və biliyin qiymətləndirilməsi: çağırışlar və imkanlar” mövzusunda vebinar keçirilmişdir. Adıkeçən vebinarda Azərbaycan Turizm və Menecment Universitetini rektor İlham Mədətov təmsil etmişdir. Beynəlxalq vebinarda Azərbaycan ali təhsil müəssisələrinin rəhbər və nümayəndələri ilə yanaşı olaraq, İstanbul Texniki Universitetinin rektoru, Mehmet bəy Karaca, Qara Dəniz Universitetləri Şəbəkəsinin baş katibi Eden bəy Mamut, İstanbul Texniki Universitetinin Tədris işləri üzrə prorektoru Ali Fuat Aydın və adıkeçən universitetin digər nümayəndələri iştirak etmişdir. Zoom platforması üzərindən təşkil olunmuş vebinarda COVİD-19 pandemiyası dövründə məsafədən tədrisin və onlayn qiymətləndirmənin keyfiyyətli şəkildə təşkili ilə bağlı olaraq fikir mübadiləsi aparılmışdır.
Azərbyacan Turizm və Menecment Universiteti də qlobal pandemiya dövründə ali məktəb səviyyəsində tədrisin məsafədən geniş tətbiqinə karantin dövrünün ilk günlərindən başlamışdır. Heç şübhəsiz koronavirus infeksiyası səbəbindən ölkəmizdə təlim və tədris prosesinin dayandırılması bütün ali təhsil müəssisələri kimi ATMU üçün də ənənəvi olmayan fəaliyyət mexanizminin tətbiqini zəruri etmişdir.
Ali təhsil müəssisələrinin fəaliyyətlərinin əsasını tədris təşkil etdiyindən karantin müddətində əsas hədəf tədris prosesində davamlılığın təmin edilməsi olmuşdur. Vebinar müzakirələri zamanı məlum olmuşdur ki, istər ölkəmizdə, istərsədə dünyanın fərqli ölkələrində mövcud olan universitetlərdə tədris fəaliyyəti aprel ayından etibarən dərslərin online formada “Microsoft Teams” platforması üzərindən təşkilinə keçirilmişdir.
Planlanan bütün cəhdlərə baxmayaraq ilk dövrdə online kommunikasiya sahəsində təcrübənin az olması, İT avadanlıqlardan istifadə bacarıqlarının eyni olmaması, internetə çıxış imkanlarındakı fərqli durum və digər obyektiv amillər heç şübhəsiz dünyada təhsil sənayesində mövcud olan təşkilatların fəaliyyətinə öz təsirini mənfi formada da göstərmişdir. Beynəlxalq vebinarda iştirakçı olmuş universitet nümayəndələri bu kimi gözlənilməz durumlarda bütün ali təhsil müəssisələrinin ən ali məqsədi və vəzifəsinin virtual formada keçirilən dərslərin birmənalı olaraq normal qaydada tədris olunan dərslər kimi məzmunlu və keyfiyyətli olmasını başlıca hədəf kimi göstərmişlər.
Vebinarın gedişində İstanbul Texnik Universitetinin nümayəndələri də öz universitetlərində bu dövrdə tədrisin təşkili, bu dövrdə qarşıya çıxan probləmlər barəsində iştirakçılara ətraflı məlumat vermişdirlər.Vebinarın sonunda bütün iştirakçılar yekdilliklə vurğulamışlar ki, qlobal pandemiyanın nəticələri onu göstərir ki ali təhsil müəssisləri öz fəaliyyətlərində informasiya – kommunikasiya vasitələrindən istifadəyə önəmli yer verməli, daimi olarak bu sahədə olan yeniliklərin tədrisdə təşkilini dəyərləndirməli, tədris və təhsil ilə bağlı olaraq elektron sistemlərdən istifadə vərdişlərini mütəmadi olaraq təkmilləşdirməlidirlər. Yaranmış bir çox problemlərə baxmayaraq ali təhsil müəssisələrinin və təhsil sahəsində mövcud olan bütün təhsil təşkilatlarının tədrisin keyfiyyəti və məzmunu baxımından bu çətin dövrdə həyata keçirdikləri bütün cəhdlər və fədakarlıqlar yüksək qiymətləndirilməlidir.