Tovuz döyüşlərində şəhid olan Elşad Məmmədovun daha bir övladı olacaq.
Unikal.org xəbər verir ki, bu sözləri aparıcı Hacı Nuran "Instagram" hesabında yazıb.
Hacı Nuran Tovuz döyüşlərində şəhid olan Elşad Məmmədovun ailəsini ziyarət edib və bu xoş xəbəri şəxsi hesabında paylaşıb:
"Təsadüfmü, zərurətmi, Tovuzun Ağdam kəndinə gəlib çıxdım. Bu kənddə iyul ayının 12-də Tovuz sərhədində şəhid olmuş Elşad Dönməz oğlu Məmmədovun (10.01.1996-12.07.2020) evində qonaq oldum...
Əslində bu şəhidin evinə baş çəkmək, onun ata-anası ilə görüşmək mənim borcum idi. Olduqca mehriban insandırlar Dönməz kişi ilə Nuriyə ana. Amma gözlərindəki qüssəni, kədəri görməmək üçün kor olmaq lazımdır... Biz çox şeydən danışdıq:
Elşadın uşaqlığından tutmuş toyuna qədər... Söhbət əsnasında onu da öyrəndim ki, tezliklə bu ürəyi dağlı ata ilə ananın daha bir nəvəsi olacaq. Onları övladlarının ölümü ilə sınağa çəkən Allah o dərdi azacıq da olsa ovutmaq üçün onlara ikinci nəvəni qismət edəcək.
Tezliklə şəhid Elşad Məmmədovun daha bir övladı doğulacaq. O övlad ki, atasının igidliyi, qorxmazlığı barədə həmişə nənə-babasından nağıllar eşidəcək. O övlad ki, həmişə fəxr edəcək şəhid Elşad Məmmədovun övladı olduğu üçün. Məncə, bir atanın övladı üçün qoyub gedəcəyi bundan böyük ad yoxdur. Ruhun şad olsun, igid şəhid”.