Milli Məclisin deputatı Ağalar Vəliyev 97 saylı Goranboy - Ağdam - Tərtər Seçki Dairəsinin seçicilərinə Qurban bayramı münasibətilə təbrik ünvanlayıb.
Deputatın ofisindən Unikal.org-a daxil olan məlumata əsasən, təbrikdə deyilir: “İnsanlar arasında həmrəylik və qardaşlığın, humanizm və mərhəmətin rəmzi olan Qurban bayramı islam dünyasının ən böyük bayramlarındandır.
Ulu öndərimiz Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra xalqımızın milli adətləri və dini ənənələri tezliklə bərpa edildi və dini bayramlarımız dövlət səviyyəsində qeyd olunmağa başladı. Bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir, mənəvi və dini dəyərlərimizə böyük ehtiram və sayğı ilə yanaşılır.
Dövlət başçımızın Qurban bayramı münasibətilə xalqımıza təbrikində vurğulandığı kimi, hər il ölkəmizdə keçirilən dini bayramlar mütərəqqi milli-mənəvi dəyərlərin, sosial yardımlaşmanın və xeyirxahlıq duyğularının təntənəsinə çevrilir.
Bu ilki Qurban bayramı dünyanın qarşılaşdığı çətin sınaq dövrünə təsadüf etsə də, mömin vətəndaşlarımız Allah və din yolunda mənəvi borclarını layiqincə yerinə yetirir, insanlarımız öz nəcib əməlləri ilə cəmiyyətimizdə birlik və bərabərlik ovqatını daha da gücləndirirlər.
Bu bayram günlərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ölməz xatirəsini minnətdarlıqla yad olunur, xalqımızın firavanlığı və əmin-amanlığı, vətənimizin çiçəklənməsi və tərəqqisi naminə dualar edilir”.
Qurban bayramı münasibətilə millət vəkilinin təşəbbüsü ilə 97 saylı Seçki Dairəsinə daxil olan Goranboy, Ağdam və Tərtər rayonlarından 900–dən çox şəhid, əlil və aztəminatlı ailəyə təbrik açıqcaları ilə birgə qurban payları və ərzaq məhsullarından ibarət bayram sovqatları çatdırılıb.