Kənd Təsərrüfatı naziri İnam Kərimov Bərdə və Tərtər rayonunda əkin sahələri və meyvə bağlarına baxış keçirib.
Nazirlikdən Unikal.org-a verilən xəbərə görə, İnam Kərimov əvvəlcə Bərdə rayonunun Ərəblər kəndində fermer Nicat Məmmədovun pambıq sahəsi ilə tanış olub. Nazir qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamət kimi elan edilib. Azərbaycanda bu il havaların quraq keçdiyini deyən nazir qeyd edib ki, su ehtiyatlarından səmərəli istifadə etmək üçün qarşıya konkret və ciddi vəzifələr qoyulub: “Qlobal istiləşmə bütün dövlətlərdə əsas problem olaraq qalır. Buna görə də su resurslarından səmərəli istifadə olunması qarşıda duran əsas vəzifələrdən biridir. Cənab Prezidentin rəhbərliyi ilə bu mövzuda keçirilən müşavirədə də dəfələrlə qeyd olundu ki, su ehtiyatlarından səmərəli istifadə etmək üçün müasir suvarma texnologiyalarından istifadə vacibdir. Hazırda Azərbaycanda suvarma prosesində innovasiyaların tətbiqi genişlənib. Bunlardan ən geniş yayılanı damla suvarma sistemləridir. Hazırda yüzlərlə təsərrüfatlarda, əsasən də çoxillik əlmələrdə damla suvarma sistemlərindən istifadə olunur. Bu üsul həm su ehtiyatlarından səmərəli istifadəyə imkan verir, həm də məhsuldarlığı artırır. Dövlət bu səbəbdən suvarma sistemlərini 40 faiz güzəşt tətbiq edilən kənd təsərrüfatı avadanlıqları siyahısına daxil edib. Fermerlərimizi dövlətin yaratdığı imkanlardan istifadə etməyə, təsərrüfatlarında müasir suvarma sistemləri quraşdırmağa çağırırıq. Bununla onlar həm məhsuldarlığı artırır, həm də su ehtiyatlarından qənaətlə istifadə etmiş olarlar”.
Azərbaycanda aqrar sahədə fəaliyyətin daha da stimullaşdırılması üçün ilk dəfə olaraq fermerlər arasında elan edilən “Ayın fermeri” müsabiqəsinin qalibi, toxumçu İkram Ziyadovla görüşüb, məhsuldarlıqla bağlı fermerlərlə fikir mübadiləsi aparıb. Nazir bildirib ki, müsabiqənin keçirilməsində əsas məqsəd nümunəvi fermerlərin müəyyən edilməsi, fermerlər arasında sağlam rəqabət mühitinin formalaşdırılmasıdır. Bərdə rayonunda uzun illərdir taxılçılıqla məşğul olduğunu deyən İkram Ziyadov qeyd edib ki, düzgün aqrotexniki qulluq nəticəsində taxıl sahəsindən buğda üzrə orta hesabla 54 sentner, arpa üzrə 45 sentner məhsul əldə edib. “Ayın fermeri” adına layiq görülən İkram Ziyadov xüsusi diplomla təltif olunub.
Ərəblər kəndində fermer İldırım Məlikovun intensiv gilas bağı, Zümürxan kəndində fermer Etibar Cümşüdovun təkrar qarğıdalı sahəsi ilə tanış olan nazir daha sonra Tərtər rayonuna gedərək təcrübə sınaq məntəqəsinin ərazisində yunan texnologiyası əsasında əkilmiş pambıq sahəsinə baş çəkib, Tərtər təcrübə sınaq məntəqəsinin inzibati bina və anbarların tikintisinin gedişi ilə maraqlanıb.