"Möhtərəm cənab Prezidentin tapşırığı ilə regionlarımızın sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədilə xüsusilə Daşkəsən rayonu ərazisində "AzerGold” şirkətinin fəaliyyətini, o cümlədən qızıl mədənlərinin fəaliyyətini və bu yaxınlarda ölkə başçısının izaladığı müvafiq sərəncamına əsasən dəmir filizi sənayesinin bərpası və yenidən qurulması işləri ilə tanış oluruq. Bunu xüsusi olaraq qeyd etmək istəyirəm ki, qeyri-neft sektorunun və xüsusilə də qeyri-neft sənayesinin inkişafı iqtisadi siyasətin əsas hədəflərindən biridir”.
Unikal.org xəbər verir ki, bunu “AzerGold”un istiqrazlarının hərraca çıxarılması ilə bağlı keçirilən tədbirdə İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
M.Cabbarovun sözlərinə görə, son illərdə bu istiqamətdə əhəmiyyətli nailiyyətlər əldə edilib:
“Keçən həftə Sumqayıt Kimya Senaye Parkının ərazisində peşə təhsili məktəbin açılışı vaxtı cənab Prezident tərəfindən qeyri-neft sənayesinin sürətlə inkişaf etdirilməsi üçün əlavə tədbirlər barədə fikirləri çatdırıldı, tapşırıqlar verildi və bu mənada dağ-mədən sənayesində olan perspektivlər ölkə iqtisadiyyatı üçün çox vacib bir sahədir. Artıq bu gün həyata keçirilən işlərin nəticəsində Daşkəsən rayonu ərazisində bir çox yeni iş yerləri yaradılıb. Hazırda əlavə iş yerlərinin yaradılması layihəsi çərçivəsində işlər davam etdirilir. Bu gün biz müəssisənin fəaliyyəti ilə yaxından tanış olmuşuq.
Onu demək kifayət edər ki, qısa müddət ərzində - son 3 ildə müəssisə tərəfindən həyata keçirilən işlərin nəticəsindən biri ondan ibarət olub ki, müəssisənin balansında olan və təsdiq olunmuş əlvan metallar, ilk növbədə qızıl ehtiyatlarının həcmi əhəmiyyətli dərəcədə artmış və bu istər ölkəmizin ümumi iqtisadi təhlükəsizliyinin təmin edilməsi üçün çox vacib bir amildir, istərsə də hazırda qeyri-neft ixracımızı təşkil edən əsas məhsullardan biri olaraq qalmaqdadır, həm də gələcəkdə istehsal həcmləri artdıqca bu qeyri-neft ixrac növünün payının daha da artırılması nəzərdə tutulub.
Qeyd etdiyim kimi digər bir istiqamət qara metallurgiya ilə, xüsusilə də dəmir filizi yatağımızın işlənməsi ilə, zənginləşdirmə kombinatının yenidən qurulması ilə bağlıdır və beləliklə ölkə iqtisadiyyatında istehsal olunan və istehlak olunan dəmir məmulatlarının xammal bazası yaradılacaq. Bu istiqamətdə də fəal işlər həyata keçirilir.
Bu gün bizə verilən məlumata əsasən gələn ilin təxminən bu vaxtlarında vacib sərmayə qərarının verilməsi üçün bütün geoloji kəşfiyyat işləri, texniki-iqtisadi əsaslandırma və ən əsası iqtisadi bazar araşdırmaları başa çatdırılacaq və bununlada inanırıq ki, dövlət-özəl tərəfdaşlığı çərçivəsində əhəmiyyətli sərmayələr üçün hər bir şərait yaradılacaq və bu sərmayələr həyata keçiriləcək”.