Kənd Təsərrüfatı naziri İnam Kərimov Ağdaş və Göyçay rayonlarında səfərdə olub.
Unikal.org KTN-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, nazir Ağdaş rayonunda tinglər üçün calaqaltı materialı istehsal edən müstəqil laboratoriyanın işi ilə tanış olub, laboratoriyalarda hazırlanan ting materiallarının əkildiyi təcrübə sahəsinə baş çəkib.
İnam Kərimov həmçinin Göyçay rayonunun Şəhadət kəndində fermer Natiq Zakirovun çəltik sahəsinə, Potu kəndində fermer Eldar Vəliyevin nar bağına, Yalman kəndində salınmış xurma bağına və 2000 ton tutumu olan soyuducu anbara, fermer Seymur Kazımovun heyva bağına baş çəkib.
Fermerlər məhsul yığımına hazırlıq prosesi, satışın təşkili, emal imkanları barədə məlumat veriblər. Görüşlərdə bağlarda düzgün aqrotexniki qulluq edilməsi, intensiv bağların genişləndirilməsi, çoxillik əkmələrdə müasir suvarma sistemlərinin quraşdırılması barədə fikir mübadiləsi aparılıb, fermerlərin dövlətin bu prosesə verdiyi dəstək mexanizmlərindən geniş yararlandığı qeyd olunub.