Bundan sonra işəgötürənin ləğvi və ştatın ixtisarı nəticəsində işdən azad olunan şəxslərlə yanaşı müddətli əmək müqaviləsinin bitməsi nəticəsində işsiz qalan şəxslərin də işsizlikdən sığorta ödənişi almaq hüququ yarana bilər.
Unikal.org xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “İşsizlikdən sığorta haqqında” Qanuna edilən dəyişiklik barədə dərc etdiyi məlumatda qeyd olunub.
Belə ki, bu işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə və işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsinə yönələn addımdır.
İşsizlikdən sığorta ödənişi üçün müraciət etmək istəyən şəxslərin ilk olaraq “Məşğulluq” altsistemində (və ya müvafiq məşğulluq mərkəzinə müraciət etməklə) qeydiyyatdan keçməsi tələb olunur. Şəxs üçün münasib iş tapmaq mümkün olmadıqda ona işsiz statusu verilir və şəxs işsiz kimi qeydiyyata alındıqdan sonra sistemdə yerləşdirilmiş ərizəni təsdiq edir. Şəxsin müraciətinə 10 gün ərzində baxılır və sığorta ödənişinin təyin və ya imtina edilməsi barədə qərar çıxarılaraq bu barədə məlumat onun elektron kabinetində yerləşdirilir və (və ya) qeyd edilmiş mobil telefon nömrəsinə bildiriş göndərilir.
İşsizlik sığorta ödənişləri iki halda təyin edilir:
- Dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər - ən azı bir il sığorta stajı olduqda,
- Əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilmiş şəxslər işsizliyin başlanmasından əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi üzrə ən azı 35 ay sığorta stajı olduqda.
İşsizlikdən sığorta ödənişinin hesablanması qaydası isə aşağıdakı şəkildə aparılır:
-Dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün sığorta ödənişi sığorta stajından asılı olmayaraq itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində,
-Əmək müqaviləsinin müddətinin bitməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün isə işsiz kimi qeydiyyata alındığı tarixdən üç ay sonra - minimum aylıq əməkhaqqı məbləğində üç ay müddətində ödənilməsi nəzərdə tutulur.
Qeyd edək ki, qanuna edilimiş yeni dəyişikliyə əsasən işsizlikdən sığorta ödənişinin avtomatlaşdırılmış təyinatı mexanizminin yaradılması nəzərdə tutulub. Bu da işsiz şəxslərin müxtəlif sənədlər toplamasına və bu sənədlərlə hansısa quruma müraciət etməsinə ehtiyacı aradan qaldıraraq, avtomatlaşdırılmış qaydada işsizlikdən sığorta ödənişinin təyinatına imkan verəcək.