"Azərbaycan Ordusunun əks-həmləsi Ermənistan üçün ağır başa gəlib. İlk 4 gün ərzində düşmənə endirilən zərbələr nəticəsində Ermənistanın təxmini 1,2 milyard ABŞ dollarından çox qiyməti olan hərbi texnika və sursatı məhv edilib”.
Unikal.org İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə (İİTKM) istinadən xəbər verir ki, bunu qurumun icraçı direktoru Vüsal Qasımlı bildirib.
Onun sözlərinə görə, ən əsası məhv edilən hərbi infrastrukturdur ki, bunun da bərpasına onilliklər lazım olur:
“Ermənistanın hərbi itkilərinin maliyyə tutumu onun dövlət büdcəsində hərbi istiqamətə nəzərdə tutulmuş xərclərinin həcmini iki dəfə üstələyir. Eyni zamanda ilk 4 gündə məhv edilən təkcə hərbi texnika və sursatın dəyəri Ermənistanın strateji valyuta ehtiyatlarının yarısına və dövlət büdcəsinin üçdə birinə bərabərdir.”
V.Qasımlı həmçinin bildirib ki, artıq Ermənistan milli valyuta - dramın devalvasiyası və ərzaq qıtlığı kimi təhdidlərlə üzbəüzdür:
“Azərbaycan Ordusunun uğurlu əks-həmləsi Ermənistanın onsuz da yüksək olan risk dərəcəsini bir qədər də artırır və ölkədən valyuta axınını sürətləndirir. İndi bu ölkəyə sərmayə qoymaq və borc vermək daha da təhlükəli olmuşdur. Proseslərin belə davamı Ermənistanda yoxsulların sayının da kəskin artmasına səbəb olacaqdır. Beləliklə, düşmən ölkəni əvvəlcə iqtisadi, sonradan isə həm də sosial və siyasi böhran gözləyir.”
Hazırda İİKTM-da Ermənistan iqtisadiyyatının düşdüyü mövcud vəziyyət təhlil edilərək hesabat hazırlanır.