Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Bakı Nəqliyyat Agentliyi ilə birgə təşkil etdiyi qrant müsabiqəsi çərçivəsində Azərbaycan Könüllülər İctimai Birliyi tərəfindən “Yol hərəkəti qaydalarını öyrənək və öyrədək” layihəsi uğurla davam edir.

Unikal.org xəbər verir ki, layihənin icra planına uyğun olaraq ekspert qismində Bakı Nəqliyyat Agentliyinin nümayəndələri Hüseyn Abdullayev və Nahid Quliyevin iştirakı ilə “Əlçatan və dayanıqlı şəhər” mövzusunda onlayn görüş zamanı 30 nəfər layihə iştirakçısına  “Dayanıqlı şəhər nəqliyyatının 10 prinsipi” adlı təqdimat keçirilmişdir. İştirakçılara müasir şəhər mobilliyinin prinsiplərini və paytaxt Bakının piyadayönümlü, əlçatan və dayanıqlı şəhər olması istiqamətində BNA-nın həyata keçirdiyi işlər və yaxın gələcəkdə planladığı fəaliyyətlər barədə ətraflı məlumat verilmişdir.

Həmçinin, perspektivdə şəxsi nəqliyyat vasitələrindən istifadənin azaldılması, bunun nəticəsində əldə olunan üstünlüklər və daha dayanıqlı nəqliyyat növlərinə keçilməsi gənclər arasında təşviq edilmişdir. Görüşün sonunda müzakirələr aparılmış və iştirakçıların sualları cavablandırılmışdır.

Qeyd edək ki, noyabr ayının sonuna qədər davam edəcək layihənin icrasının başlıca məqsədi gənclərin yol hərəkəti qaydalarına dair bilik və bacarıqlarının artırılması, onlara təhlükəsiz davranış vərdişlərinin aşılanması, intellektual idarəetmə sistemi haqqında ətraflı məlumat verərək bu istiqamətdə nəzəri və praktiki biliklərin verilməsi, cəmiyyətdə sürücülük mədəniyyətinin səviyyəsini yüksəltmək və yol təhlükəsizliyin təmin olunmasında məlumatlılığın artırılmasından ibarətdir.