“Rabitəbank” ASC aztəminatlı ailələrin sosial rifahının yüksəldilməsi məqsədilə həyata keçirilən Özünüməşğulluq proqramında aktiv iştirakını davam etdirir. Bu dəfə bank tərəfindən daha 7 ailənin şəxsi biznesinin qurulmasına dəstək məqsədilə avadanlıqlar təhvil verilib.
Unikal.org xəbər verir ki, layihə çərçivəsində “Rabitəbank”ın dəstək göstərdiyi vətəndaşlar paytaxt sakinləri Abbasov Kamal, Yadigarova Gülşən, Əzizova Mahrux, Şamaxı sakini Atamalıyeva Rəna, Astara sakini Hüseynov Mayis və Kürdəmir rayon sakinləri Veysəlov Rəşadət, Süleymanov Ayaz fərdi sahibkarlıqla məşğul olmaq üçün təmənnasız aktivlərlə təmin olundular.
Qeyd edək ki, bütün bu tədbirlər əhalinin iqtisadi fəaliyyətinin, ailə gəlirlərinin artmasına, əlavə iş yerlərinin yaranmasına, vergi ödəyicilərinin çoxalmasına xidmət edir. “Rabitəbank” hər zaman qadın sahibkarların gücünə inanır və qadınların məşğulluğunun təmin edilməsi üçün durmadan çalışır. Kiçik biznes qurmaqda köməklik göstərdiyimiz aztəminatlı vətəndaşlar arasında 3 qadın sahibkarımızın olması məhz bu dəstəyin göstəricisidir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandumun icrasını həyata keçirən “Rabitəbank” ilin sonunadək fərqli regionlarda vətəndaşların aktivlərlə təmin edilməsini davam etdirəcək.