Dövlət İmtahan Mərkəzi tərəfindən 16 iyun 2026-cı il tarixində müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirilib.

Bu barədə "Unikal"a DİM-dən məlumat verilib.

Bildirilib ki, DİM-in elektron imtahanlar korpusunda təşkil olunan imtahan saat 11:00-da başlanıb və 1 saat davam edib. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sifarişi ilə Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanda müvəffəqiyyət qazanması (keçid balını toplaması) tələb olunur. İmtahanda iştirak etmək üçün ərizələrin qəbulu Agentlik tərəfindən aparılıb.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 145 nəfərdən 30 nəfər imtahana gəlməyib. İmtahanda 16 nəfər müvəffəqiyyət əldə edib. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin DİM-in saytında yerləşdiriləcək.