Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Hər il mən xalqa müraciət edərkən dünya azərbaycanlılarını bu gün münasibətilə və Yeni il münasibətilə təbrik edirəm. Bu dəfə isə bu təbrikin xüsusi önəmi var. Mən bilirəm ki, dünyada yaşayan azərbaycanlılar müharibə dövründə Azərbaycanda gedən prosesləri, müharibəni yaxından izləyiblər. Onlar öz dəstəyini ifadə edirdilər. Mənə göndərilən minlərlə məktub arasında xaricdə yaşayan azərbaycanlılardan da kifayət qədər çox məktublar vardır. Onlar həm mənəvi dəstək göstərdilər, həm də həmrəylik göstərdilər. Bu gün onlara müraciət edərək deyirəm, siz fəxr etməlisiniz və fəxr edə bilərsiniz ki, qəhrəman Azərbaycan xalqının övladlarısınız. Bu gün hər bir azərbaycanlı, hər bir Azərbaycan vətəndaşı və xaricdə yaşayan soydaşlarımız haqlı olaraq fəxr edə bilərlər ki, biz müzəffər xalqın övladlarıyıq, nümayəndələriyik.
Unikal.org xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə xalqa təbrikində deyib.