Milli Məclisin deputatları Qırğızıstanda keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə etmək üçün yanvarın 8-də ölkənin paytaxtı Bişkek şəhərinə səfər edəcəklər.

Bu barədə Unikal.org-a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Deputat Sabir Hacıyev Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının və İcraiyyə Komitəsinin xətti ilə, millət vəkili Fazil Mustafa TÜRKPA-nın müşahidə missiyasının tərkibində seçkiləri izləyəcəklər.

Azərbaycan deputatları müxtəlif seçki məntəqələrində yaradılmış şəraitlə yaxından tanış olacaq, seçicilərin fəallığını müşahidə edəcəklər.

Səfər yanvarın 13-də başa çatacaq.