Sahibkarlığın İnkişafı Fondu (SİF) 2021-ci il üzrə strateji hədəflərini hazırlayıb.

Unikal.org xəbər verir ki, bunu SİF-in ötənilki fəaliyyəti və bu il qarşıda duran vəzifələrinə həsr olunan onlayn mətbuat konfransında çıxış edən Fondunun İdarə Heyətinin sədri Kənan Nəcəfov deyib.

Onun sözlərinə görə, qarşıda duran əsas strateji hədəflər sahibkarların güzəştli maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, innovativ texnologiyalara əsaslanan yeni müəssisələrin yaradılması və onların inkişafına dəstək, həmçinin Fondun dayanıqlı inkişafının təmin edilməsidir: “Bu məqsədlə Fond tərəfindən xüsusi tədbirlər planı hazırlanıb və artıq icrasına başlanılıb”.

K. Nəcəfov həmçinin bildirib ki, cari ildə sahibkarlara 130 mln. manat güzəştli kredit verilməsi ilə yanaşı, pandemiyadan zərərçəkən iqtisadi fəaliyyət sahələri üzrə sahibkarlara 370 mln. manat yeni biznes kreditlərinin, bu kreditlərə 222 mln. manat məbləğində dövlət zəmanətinin və 58 mln. manat faiz subsidiyasının, eləcə də mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılmasına 80 mln. manat vəsaitin verilməsi proqnozlaşdırılır.