Mayın 17-də Şimali Makedoniyanın paytaxtı Skopyedə 23 yaşadək güləşçilər arasında Avropa çempionatı start götürəcək.
Unikal.org Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, 36 ölkədən 425 idmançının iştirak edəcəyi qitə birinciliyinin ilk 3 günündə sərbəst güləşçilər mübarizə aparacaqlar.
Bu gün güləşin bu növü üzrə püşkatma mərasimi keçirilib və millimizin üzvlərinin ilk rəqibləri müəyyənləşib.
Milli komandamızın üzvlərindən Əliabbas Rzazadə (57 kq) Beşir Alili (Şimali Makedoniya), Zirəddin Bayramov (65 kq) rusiyalı Abdulməcid Kudiyev, Cəbrayıl Hacıyev (70 kq) gürcüstanlı Georgi Elbakidze, Əşrəf Aşırov (74 kq) Çermen Valiyev (Rusiya) - Lukas Kant (Almaniya) cütünün qalibi ilə, Orxan Abasov (86 kq) israilli Uri Kalaşnikov, Osman Nurməhəmmədov (92 kq) Recep Haydari (Şimali Makedoniya), İslam İlyasov (97 kq) Rusiya idmançısı Aslanbek Sotiyev, Vahid Qalayev (125 kq) isə Gürcüstan təmsilçisi Aleksi Jorjoliani ilə qarşılaşacaq.
Xatırladaq ki, mayın 17-də 57, 65, 70, 79 və 97 kiloqram çəki dərəcələrində çıxış edən güləşçilər xalça üzərinə çıxacaqlar. Ertəsi gün isə 61, 74, 86, 92 və 125 kiloqram çəki dərəcələrində iştirak edən pəhləvanlar mübarizəyə qoşulacaqlar. Görüşlər hər gün Bakı vaxtı ilə saat 13:30-da start götürəcək.