Ermənistan ordusunu silahla təchiz edən “Parton Davo” ləqəbli David Qalstyan Apellyasiya Məhkəməsinin qərarı ilə həbsdən azad edilib.
Unikal.org xəbər verir ki, bu barədə onun vəkili Armen Arutyunyan bildirib.
Qeyd edək ki, iş adamı Müdafiə Nazirliyinə köhnə və istifadəyə yararsız top mərmiləri verməkdə günahlandırılır. Hüquq-mühafizə orqanı fevralın 1-də onu saxlayıb. Məlumata görə, “Patron Davo”nun şirkəti Nazirliyə 1983-1986-cı illərdə istehsal olunan topların yerinə 1977-ci ildə Çexiyada istehsal edilən eyni təyinatlı hərbi texnika satıb.
“Silah baronu” sayılan D.Qalstyan dövlətə 523 milyon dram (1,08 milyon ABŞ dolları) məbləğində maddi ziyan vurub. Bir müddət əvvəl MTX D.Qalstyan barəsində cinayət işinin başladığına dair məlumat yaymışdı.