"15 iyun 2021-ci il tarixi artıq həm Milli Qurtuluş günü, həm də Şuşa Bəyannaməsi kimi tarixi bir sənədin imzalanması ilə yadda qalacaq. Əlbəttə ki, Rəcəb Tayyib Ərdoğanın Azərbaycana budəfəki səfəri bir çox vacib məqamlarla, eyni zamanda dünyaya yeni mesajların verilməsi ilə yadda qaldı".
Bunu Unikal.org-a açıqlamasında Millət vəkili Cavid Osmanov deyib.
O bildirib ki, Şuşa Bəyannaməsi Qars müqaviləsinin daha geniş bir formasında imzalanmış bəyanatdır:
"Bu Bəyannamə bir çox məqamları özündə ehtiva edir. Bunlardan birincisi qardaş Türkiyə ilə Azərbaycanın arasında olan hərbi müttəfiqlik məsələsidir. Bu da iki qardaş ölkənin bütün sahələrdə bir-birini yaxından dəstəkləməsini özündə ehtiva edir. Bildiyiniz kimi, 44 günlük Vətən Müharibəsində Türkiyənin istehsal etdiyi müasir PUA-lar mühüm rol oynadı. Bu cür müasir texnologiyanın Azərbaycanda istehsal edilməsi və qarşılıqlı əməkdaşlıq çox vacib məqamdır.
Digər bir tərəfdən, əgər hər hansı 3-cü bir ölkənin Azərbaycana və yaxud Türkiyəyə qarşı hər hansı təcavüzü baş verərsə, artıq qarşılarında tək ölkə yox, iki qardaş ölkəni birgə görəcəklər. Buda bizim gücümüzü, qüdrətimizi daha da artırmış olur.
Eyni zamanda, bu sənədə uyğun olaraq, həyatın bütün sferalarında, iqtisadi, siyasi, diaspor, media, mədəniyyət, gənclər siyasəti, idman, mədəniyyət, təhsil və digər sahələrdə daha geniş əməkdaşlığın yol açdığını görürük. Bu, müstəqil siyasət yürüdən iki dövlətin - Azərbaycan və Türkiyənin milli maraqlara söykənən tarixi bir sənədə imza atmasından irəli gəlir.
Milli maraqlar demişkən, dünən 48 siyasi partiyanın birləşərək bir mövqedən çıxış etməsi bir daha sübut edir ki, Şuşa Bəyannaməsi Azərbaycanın milli maraqlarına tam uyğundur. Bu sənəd iki qardaş ölkənin gələcəkdə daha güclü və qüdrətli olacağından xəbər verir.
Çox təəssüf ki, hərəsində 3 nəfəri özündə birləşdirən AXC-Müsavat birliyi milli birliyimizə yenə də töhvə verə bilmədi. Xalqın, dövlətçiliyin, gücümüzün, qüdrətimizin yanında ola bilmədi. Bu bəyanatı da dəstəkləmədilər. Eyni zamanda, qardaş Türkiyənin Prezidenti dünən Milli Məclisdə də çıxış etdi və buradan bir sıra mesajlar verdi. Rəcəb Tayyib Ərdoğan bildirdi ki, NATO sammitindən birbaşa Bakıya gəlib və NATO sammitində də Azərbaycan-Türkiyə əlaqələrini, ümumilikdə Vətən Müharibəsindən sonra bölgədə yaranmış yeni geosiyasi reallıqlardan danışmış, Azərbaycan və Türkiyənin bundan sonra birgə əməkdaşlığı, inkişafı, tərəqqisi, xalqımızın firavan və əminəmanlıq içərisində yaşaması, bölgədə sülhün təmin olunması ilə bağlı bir sıra məsələlərə toxunmuşdur.
Eyni zamanda, o, dünənki çıxışında altılıq platforması məsələsini qeyd etdi. Bu altılıq platforması bölgə ölkələrinin, o cümlədən daha geniş coğrafi məkanı əhatə edəcək sülhə, əminəmanlığa töhvə verəcəkdir və təkcə bölgə ölkələrinin yox, digər ölkələrin də inkişafına xidmət edəcəkdir. Şuşa Bəyannaməsində digər vacib məqamlardan biri də Zəngəzur dəhlizinin həyata keçirilməsidir. Bu, ilk növbədə, iki qardaş ölkəni həm quru yolla, həm də dəmiryolu xətti ilə birləşdirəcəkdir. Eyni zamanda, çox böyük bir məkanı, Avrasiya məkanını və Avropanın sonlarına kimi xidmət edəcək bir dəhlizdir. Bu dəhliz Azəbraycan və Türkiyə arasında qarşılıqlı iqtsadi və ticarət əlaqələrində çox böyük rol oynayacaqdır.
Zəngəzur dəhlizi həmçinin bütün Türk dünyasını quru yolla birləşdirəcək. Bu da bütövlükdə Türk dünyasının inkişafına böyük töhvə verəcək. İkinci bir məqam da burada iqtisadiyyatımızın şaxələndirilməsidir. Zəngəzur dəhlizinin bu məsələdə də çox böyük rolu olacaq. Eyni zamanda, Azərbaycanın enerji daşıyıcılarının qardaş Türkiyə ilə birgə Avropa bazarında şaxələndirilməsində də çox böyük perspektivlər açacaq".
Murad İbrahimli