Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında keçirilən danışıqlarda iki ölkə arasında siyasi, iqtisadi, mədəni və humanitar əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.
"Unikal" Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, dövlət başçısı Qazaxıstanın Gürcüstanı zamanın sınağından çıxmış etibarlı tərəfdaş kimi qiymətləndirdiyini və iki ölkə arasında uzun illərə söykənən dostluq münasibətlərinə böyük önəm verdiyini bildirib.
Kasım-Jomart Tokayev Qazaxıstan ilə Gürcüstan arasında strateji tərəfdaşlığın qurulmasına dair birgə bəyanatın ikitərəfli münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəldəcəyinə əminliyini ifadə edib.
Tərəflər ticarət və investisiya əməkdaşlığına, eləcə də nəqliyyat-logistika sahəsində qarşılıqlı fəaliyyətə xüsusi diqqət ayırıblar. Qazaxıstan Prezidenti bildirib ki, respublika Gürcüstan iqtisadiyyatına 500 milyon ABŞ dollarından çox investisiya yatırıb və hələ də bu ölkənin ən iri investorları sırasında yer alır.
“Ölkələrimiz energetika sahəsində uğurlu əməkdaşlıq edir. Biz Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə nəql olunan neftin həcmini artırmaq niyyətindəyik”, – deyə Kasım-Jomart Tokayev bildirib.
O, strateji tərəfdaşlığın gələcək inkişafını konkret istiqamətlər üzrə formalaşdırmağı və energetika, investisiyalar, nəqliyyat əlaqələri, kənd təsərrüfatı, rəqəmsallaşma, turizm və digər perspektivli istiqamətləri əhatə edən yol xəritəsinin hazırlanmasını təklif edib.
Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) inkişafında əsas iştirakçılar kimi Qazaxıstan və Gürcüstan da nəqliyyat-logistika infrastrukturunun inkişafı, konteyner daşımalarının genişləndirilməsi, tarif siyasətinin əlaqələndirilməsi və rəqəmsallaşmanın sürətləndirilməsi istiqamətində tədbirlər görmək niyyətindədirlər.
Son beş ildə TBNM üzrə tranzit daşımalarının həcmi 3,5 dəfə artıb. 2029-cu ilədək bu marşrut üzrə hərəkət edən konteyner qatarlarının sayının 3 minə çatacağı gözlənilir.
Kasım-Jomart Tokayev Qazaxıstanın Gürcüstanın liman zonalarında fəaliyyətini genişləndirməkdə maraqlı olduğunu da bildirib. Batumi limanı ilə yanaşı, ötən il qazaxıstanlı investorların iştirakı ilə Potidə yeni multimodal terminal istifadəyə verilib. Regionlararası əlaqələrin möhkəmləndirilməsi baxımından perspektivli layihələrdən biri kimi Anakliya limanının da adı çəkilib.





















.jpg)



.jpg)

.webp)



.jpg)

.jpg)















.jpg)



