Moskvadan rəsmi Bakıya yeni mesaj var
Söyün Sadıqov: “Azərbaycanda seçkilər mürəkkəb olacaq; İlham Əliyev ətrafındakıları təmizləməlidir...”; “Rusiya azərbaycanlıları və digər ictimai qüvvələr məni öz liderləri kimi qəbul edirlər”
Rusiya Azərbaycanlıları Federal Milli Muxtariyyətinin (AzerRos) keçmiş prezidenti, hazırda partiya yaratmaqla məşğul olan Söyün Sadıqovun yeni müsahibəsi yayılıb. “Milyarderlər ittifaqı”nın yaranmasından sonra Bakının düşməninə çevrilən, eyni zamanda Rusiya prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi olan keçmiş KQB əməkdaşı S.Sadıqov modus-agendi.org portalına müsahibəsində deyib ki, “bu ilin payızında Azərbaycanda prezident seçkiləri mürəkkəb olacaq”.
S.Sadıqov deyib ki, onun “AzerRos”dan getməsi heç də Rusiyadakı Azərbaycan diasporu ilə əlaqələri kəsməsi demək deyil: “Mənim bu təşkilatla əlaqələrim qalır. Bunun üçün rəhbər olmağa ehtiyac yoxdur. Rusiya azərbaycanlıları və digər ictimai qüvvələr məni öz liderləri kimi qəbul edirlər. Ona görə də təşkilatla əlaqələrim qalacaq, yeni rəhbərliyə dəstək verəcəyəm və öz köməyimi əsirgəməyəcəyəm”.
S.Sadıqov “AzerRos”un Ağsaqqallar Şurasının sədri seçilən baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun bir çox dairələrdə, o cümlədən Azərbaycan və Rusiya cəmiyyətində hörmətli adam olduğunu deyib. Bildirib ki, A.Abbasov böyük dövlət və ictimai-siyasi fəaliyyət təcrübəsinə malikdir: “Ona görə də mən getməyə hazırlaşanda məsləhət gördüm ki, Abbas Abbasov təşkilata rəhbərlik etsin. Eyni zamanda təşkilatın daha demokratik idarə olunması üçün onun strukturunu dəyişdik. Yeni seçilmiş prezident Asif Məhərrəmovun ictimai işlərdə təcrübəsi yoxdur, ancaq savadlı adamdır. Vaxtilə SSRİ Xarici İşlər Nazirliyinin 6-cı idarəsində işləyib, sonra işini Rusiya XİN-də davam etdirib”.
S.Sadıqov A.Abbasovun “AzerRos” rəhbərliyinə puluna görə seçilmədiyini deyib. Onun bildirdiyinə görə, A.Abbasov, əlbəttə ki, imkanlı adamdır, ancaq pullarını özü qazanıb və başqasının pulunu saymaq yaxşı deyil: “Bununla belə Abbas Abbasov xəsis də deyil və təbii ki, ”AzerRos"un maliyyələşdirilməsinə dəstək verir. Çünki bu təşkilat büdcədən maliyyə almır və üzvlərinin yardımları ilə dolanır".
S.Sadıqov yeni yaratdığı Vahid Rusiya Milli Partiyasının Təşkilat Komitəsinin sonuncu iclasının bu gün - fevralın 11-də olacağını bildirib. O, partiyanı “LUKoil” prezidenti Vahid Ələkbərovun maliyyələşdirdiyi barədə şübhələrin əsaslı olmadığını deyib. S.Sadıqovun sözlərinə görə, partiyanın üzvləri arasında biznesmenlər, pul qazanmağı bacaran adamlar var və onlar təşkilata dəstək verirlər.
S.Sadıqov partiyasının müxalifətdə olmayacağını və prezident Putinin kursunu dəstəkləyəcəyini deyib. O bildirib ki, Rusiya vətəndaşı olduğu üçün Azərbaycanda siyasi fəaliyyət göstərə bilməz. Ancaq V.Putinin Avrasiya İttifaqı ilə bağlı irəli sürdüyü ideyaları dəstəkləyəcək.
“Biz keçmiş sovet respublikalarının nümayəndələri ilə işləməyə və onları bu ideyaların vacibliyinə inandırmağa hazırıq” - deyə o bildirib.
“Azərbaycanda qarşıdakı prezident seçkiləri ilə bağlı proqnozlarınız necədir”, - sualına isə S.Sadıqovun cavabı belə olub: “Seçkilər mürəkkəb olacaq”.
Onun sözlərinə görə, Rusiya azərbaycanlıları Azərbaycanda o namizədi dəstəkləyəcək ki, proqramı Rusiya ilə sonrakı dostluq münasibətlərinin saxlanılmasına istiqamətlənsin: “Çünki bizim ölkələrimizin həyatı 200 ildir eyni dövlətdə birləşib. Rusiyanın Azərbaycan üçün beynəlxalq planda və iqtisadi planda nələr etdiyi barədə danışmamaq olmaz. Digər tərəfdən, bu da faktdır ki, hazırda Rusiya ərazisində 2,5 milyona yaxın azərbaycanlı yaşayır. Ona görə də hesab edirik ki, Rusiya və Azərbaycan həmişə strateji tərəfdaşlar olaraq qalmalıdır”.
Putinin adamı Azərbaycanda seçkilərin mümkün nəticələrinin necə ola biləcəyinə dair suala bir daha belə cavab verib ki, seçkilərin mürəkkəb olacağı dəqiq məlumdur. S.Sadıqovun sözlərinə görə, bunu şərtləndirən bir neçə amil var. Birincisi, bu gün gənclər əvvəlki gənclər deyil. Onların mövqeyini nəzərə almamaq istənilən dövlət üçün ciddi səhv olardı.
“Yəqin ki, ”ərəb baharı" müəyyən ayıldıcı təsir göstərib. İndiki prezident Əliyev öz ətrafındakı bəzi adamlardan yaxa qurtarmalıdır. Hansı ki, onlar xalq arasında nüfuzu olmayan məmurlardır. Həmçinin o, regionlarda daha çox iş aparmalıdır" - deyə S.Sadıqov bildirib.
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00