Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi Məsələlər işçi qrupunun növbəti iclası keçirilib. Video formatda keçirilən iclasda İqtisadi Məsələlər üzrə İşçi Qrupda təmsil olunan Prezident Administrasiyası, İqtisadiyyat, Maliyyə və Energetika, Kənd təsərrüfatı nazirliklərinin, Mərkəzi Bank, Dövlət Turizm Agentliyi, Qarabağ Dirçəliş Fondu, İpoteka və Kredit Zəmanət Fondunun nümayəndələri iştirak ediblər.

Unikal.org-un xəbərinə görə, Əlaqələndirmə Qərargahının qəbul etdiyi Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrası məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən görülmüş işlər barədə məlumat verilib. Qeyd edilib ki, ötən dövr ərzində Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, Ağdam, Xocavənd, Tərtər, Şuşa, Xocalı və Kəlbəcər rayonları üzrə cəmi 13 307 daşınmaz əmlakın (10 483 ədəd tikili və 2 824 ədəd infrastruktur obyekti) çöl inventarlaşdırma işləri tamamlanıb və Laçın rayonu ərazisində müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılıb. Həmçinin 10 rayon üzrə 177 yaşayış məntəqəsində daşınmaz əmlakın ilkin inventarlaşdırma işləri yekunlaşıb, 2 yaşayış məntəqəsində işlər davam etdirilərək, 409 yaşayış məntəqəsinin tamamilə dağıdılıb yararsız hala gətirildiyi müəyyən edilib.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin 2021-2025-ci illər üzrə bərpası və dayanıqlı inkişafı Dövlət Proqramı”nın yekun layihəsi dövlət orqanları, müəssisə və təşkilatlarının, həmçinin Əlaqələndirmə Qərargahının müvafiq işçi qruplarının rəy və təkliflərinin təhlili əsasında hazırlanmış və Nazirlər Kabinetinə təqdim olunub.

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 28 may tarixli Fərmanı ilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə sənaye sahəsində rəqabətqabiliyyətli məhsul istehsalı, emalı (təkrar emalı) və satışı, habelə xidmətlər göstərilməsi üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən Ağdam Sənaye Parkı yaradılıb. Hazırda müraciətlər əsasında 12 potensial rezident secilib. Sənaye parklarına dair uğurlu xarici ölkə təcrübələri müzakirə edilmiş və bölgələrdə iqtisadi zonaların fəaliyyətinin təşkilində beynəlxalq təcrübənin nəzərə alınması qeyd olunub.

İşğaldan azad edilmiş ərazilərdə (Kəlbəcər və Laçın rayonlarında) ilkin zəruri tələbatların ödənilməsi üçün gündəlik tələbat mallar dükanlarıı, aptek, bankomat, YDM və s. acılması məqsədi ilə müvafiq şirkətlərlə görüşlər keçirilib. Razılaşdırılmış qrafik və marşrut üzrə qeyd olunan rayonlar üzrə cari ay ərzində sahibkarların ərazilərə səfəri nəzərdə tutulur.

Vahid informasiya platforması rolunu oynayan Qarabağ Rəqəmsal Geo-İnformasiya Sisteminə hazırda 27 dövlət qurumunun və təşkilatının 12-sinin qoşulması təmin edilib, adıçəkilən proqram təminatından istifadə məqsədilə müvafiq təlimlər keçirilib. Digər aidiyyəti dövlət qurumları və təşkilatlarının həmin sistemə qoşulması istiqamətində işlər davam etdirilir.

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı 657 müraciət olmuşdur.İnvestisiya layihələrinin prioritetliyi təhlil edilir, potensial layihələr müəyyənləşdirilir və informasiya bazasına daxil edilir.

Dövlət Turizm Agentliyinin nümayəndəsi işğaldan azad edilmiş ərazilərdə turizm və rekreasiya zonalarının və potensial turizm dəhlizləri boyunca turizm resurslarının qiymətləndirilməsi məqsədilə texniki şərtlər toplusunun hazırlanmasi haqqında məlumat verib.

Qarabağ Dirçəliş Fondunun nümayəndəsi isə işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması və dayanıqlı inkişafında vətəndaşların fəal iştirakının təmin olunması, bu sahədə təbliğat-təşviqat və maarifləndirmə fəaliyyətinin effektiv təşkili və Qarabağ Dirçəliş Fondunun idarə olunması barədə məlumatların geniş şəkildə təqdim olunması məqsədilə Fondun rəsmi internet səhifəsi istifadəyə verildiyini bildirib. Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalçılıq siyasətinin nəticələri barədə obyektiv məlumatların sistemləşdirilməsi, regionun biomüxtəlifliyinə, maddi-mənəvi irsinə, təbii sərvətlərinə dəymiş ziyana dair məlumatların geniş ictimaiyyətə çatdırılması məqsədilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Qarabağ Dirçəliş Fondu tərəfindən “Karabakh.Center” layihəsi həyata keçirilmiş və müvafiq internet məlumatlandırma portalı yaradılıb.

Təqdim olunan hesabatlar İşçi qrupunun üzvləri tərəfindən geniş müzakirə edilib və qərarlar qəbul edilib.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.