Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş həftə çərçivəsində keçirilən “Birinci Türkoloji Qurultay: yüz ilin elmi və mədəni irsi” mövzusunda beynəlxalq konqresin iştirakçıları iyulun 1-də Ağdamda “İmarət” Tarix-Memarlıq Muzey Kompleksi ilə tanış olublar.
"Unikal" xəbər verir ki, qonaqlara kompleksin Qarabağ xanlığının tarixindəki rolu, onun qurucusu Pənahəli xanın və xanlıq dövrünün digər görkəmli şəxsiyyətlərinin irsi, eləcə də bu ərazinin Azərbaycan dövlətçilik tarixindəki xüsusi yeri barədə ətraflı məlumat verilib.
Bildirilib ki, “İmarət” kompleksi təkcə tarixi-memarlıq abidəsi deyil, həm də Qarabağın zəngin mədəni yaddaşını özündə yaşadan mühüm irs nümunəsidir.
O da diqqətə çatdırılıb ki, Ağdam 30 illik işğaldan azad olunandan sonra dövlətimiz tərəfindən kompleksin ərazisində geniş bərpa və yenidənqurma işləri aparılıb. İşğal zamanı ermənilər tərəfindən vandalizmə məruz qalan tarixi abidələrin bərpasında onların orijinallığının qorunmasına xüsusi diqqət yetirilib. Ərazinin abadlaşdırılması eyni zamanda bölgənin müasir mədəni turizm mərkəzinə çevrilməsi məqsədi daşıyır.
İştirakçılar kompleksdə yaradılan şəraitlə tanış olub, Qarabağın işğaldan azad olunmasından sonra aparılan genişmiqyaslı dirçəliş prosesini yüksək qiymətləndiriblər.




















.jpg)


















.jpg)













