"Keçmiş həyat yoldaşımla heç bir münasibətim yoxdur. Subay qızam. Şəxsi həyatım yoxdur, olmayacaq da. Çünki uşaqlarımın şəxsi həyatı ilə məşğul oluram. Mənə yazırlar ki, "Sənə xəyanət edənin, ağlı yoxdur". Cavab olaraq söyləyirəm ki, Cey Loya da (red. - Cennifer Lopes) xəyanət edirlər. Dünyada Monika Belluççidən gözəl xanım yoxdur, amma onlar da xəyanətlə qarşılaşırlar. Bu həyatdır. Biz hamımız insanıq. Bitdi, getdi. Qarşıda yaxşı şeylər var".
Unikal.org xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli "Ziq-zaq" verilişində qonaq olarkən deyib. Həyat yoldaşından boşanan ifaçı yenidən ailə qura biləcəyini də vurğulayıb:
"Yenidən ailə həyatı quraram. Niyə də yox?! Mən onu adla desəm efirə getməyəcək. O insan güclü olmalıdır. Sözsüz ki, hər insan kimi mən də güclü olmaqdan yorulmuşam. Hərdən istəyirəm ki, çox zəif olum. Ya da dəli olasan, dərdini çəksinlər".
Xəyanətə uğradığını hiss etdiyini deyən R.Zərgərli uşaqlarının əvvəllər ona qarşı çıxdığı, lakin gərçəklər aydın olanda onun tərəfini tutduqlarını açıqlayıb:
"Uşaqlarım dedi ki, boşansanız sizdən üz döndərəcəyik. Yəni sən çox üstünə gedirsən, olmayan şeyləri beynində icad edirsən. Amma sən demə, qadının ürək hissiyyatı hər şeydən güclü və doğru imiş. İl yarımdan sonra dediklərimin hər biri təsdiq olundu və uşaqlar gəlib məndən üzr istədilər. Mənə dedilər ki, sən Vanqanın davamçısısan. Sən düz deyirsənmiş. Necə hiss etmişdimsə, hamısı bir-bir var imiş, sadəcə il yarımdan sonra üstü açıldı".