""Taliban"ın Əfqanıstanda hakimiyyətə gəlməsi 2020-ci ilin fevral ayından başlayaraq, ABŞ-la aparılan intensiv danışıqların və razılaşmanın nəticəsidir. ABŞ Əfqanıstanı 2020-ci ildə tərk etdikdən sonra, əlbəttə, onun regionda, eləcə də Əfqanıstanda apardığı siyasətin heç də uğurlu olmadığı görüldü, əslində isə onlar müəyyən uğurlara imza atdı. Beləliklə onlar Çinin bölgəyə artıq nüfuzunun müəyyən qədər qarşısını aldı". 

Bu sözləri Unikal.org-a olan açıqlamasında politoloq Məhəmməd Əsədullazadə "Taliban" hərəkatının Əfqanıstanda hakimiyyəti ələ almasına münasibət bildirərkən deyib. 

Politoloq həmçinin onu da bildirdi ki, ABŞ hazırkı hökuməti tanıyacaq: "Adıçəkilən hərəkat hakimiyyətə gəlib möhkəmləndikdən sonra, Mərkəzi Asiya dövlətləri buradakı qruplaşmalara dəstək verəcəklər. Həmçinin Çinin Uyğurustan bölgəsində vəziyyət qeyri-stabiləşə bilər. Ümumiyyətlə, Talibanın Əfqanıstanda hakimiyyəti ələ keçirməsinin regiona mənfi təsirləri olacaq. Onu da deyim ki, mövcud vəziyyətin beynəlxalq nizamnaməyə mənfi təsirləri özünü biruzə verəcək. Məsələn, digər müsəlman ölkələri də belə bir təşkilatlar yaradıb, hakimiyyət uğrunda mübarizə aparmaq istəyə bilərlər. Düşünürəm ki, ABŞ da Talibanın qurduğu dövləti tanıyacaq. Amma bu, beynəlxalq nizamın dəyişdiyi, formalaşdığı mərhələdə belə bir terror təşkilatını hakimiyyətə gətirmək, əlbəttə ki, beynəlxalq nizama mənfi təsir edəcək".

M.Əsədullazadə "Taliban" hərəkatının mövqeyində terrorçuluğun aşkar səviyyədə təbliğinin mövcudluğunu da vurğulayıb:
 
"O, əlbəttə ki, bir terror təşkilatıdır. Onun siyasəti, apardığı işlər terrorçuluqdur. Biz burada terrorun elementlərinin şahid oluruq. Əfqanıstan, Pakistan, Səudiyyə Ərəbistanı, Çin və s. ölkələrin "Taliban"a isti münasibətinə gəlincə, onların burada öz geosiyasi maraqları var. Səudiyyə Ərəbistanı ilə din bağlılığı, Pakistanın xüsusi xidmət orqanları ilə taliban təşkilatı arasında əməkdaşlıq, həmçinin Çin də müəyyən qədər çalışır ki,  terror təhlükəsi daxilinə keçməsin". 

Ağarza Elçinoğlu