Misirin nüfuzlu “Aldiplomasy” portalında Azərbaycan Prezidenti İlham Əliyevin Kəlbəcər rayonuna səfəri zamanı etdiyi çıxışın əsas məqamlarına geniş yer verilib
Unikal.org xəbər verir ki, Azərtac-a istinadla yayımlanmış xəbərdə Prezident İlham Əliyevin ermənilərin işğal dövründə Azərbaycanın təbii sərvətlərini qanunsuz talan etdiklərini vurğuladığı qeyd olunub. Dövlətimizin başçısının bu işlərdə ermənilərə yardım edən bəzi xarici şirkətlərin ya Azərbaycana təzminat ödəyəcəkləri, ya da beynəlxalq məhkəmədə cavab verməli olacaqları barədə fikri xüsusi vurğulanıb.
Yazıda diqqətə çatdırılıb ki, Azərbaycanın dövlət başçısı artıq məhkəmə prosedurlarının başladığını qeyd edib: “Buna biz start verdik, tanınmış beynəlxalq hüquq şirkətlərini dəvət etdik və indi məhkəmə işləri hazırlanır. Kəlbəcərdə Söyüdlüdə, Zəngilanda Vejnəlidə, başqa yerlərdə bizim qızıl yataqlarımız xarici şirkətlər tərəfindən istismar edilirdi. O şirkətlər bilmirdilər ki, bu, Azərbaycan torpağıdır? Bilirdilər! Amma buna məhəl qoymurdular. İndi cavab verəcəklər. Biz demişik, əgər istəmirlərsə ki, biz onları dünya miqyasında biabır edək, gəlsinlər, vurulmuş ziyanı bizə ödəsinlər, təzminat ödəsinlər və ondan sonra rahat yaşaya bilərlər”.
Misirli oxucuların diqqətinə Prezident İlham Əliyevin Şərqi Zəngəzurun hərtərəfli inkişafı üçün avtomobil yollarının xüsusi əhəmiyyətə malik olması, Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrini “yenilməz ordu” kimi təqdim edən mifologiyaya son qoyması fikirləri də yer alıb.