Türkiyənin “Baykar” holdinqinə daxil olan “Baykar Teknik” şirkətinin direktoru Səlcuk Bayraktar “Bayraktar TB2” döyüş pilotsuz təyyarələrinin 44 günlük Qarabağ müharibəsində oynadığı roldan danışıb.
Unikal.org xəbər verir ki, CNN Türk-ə müsahibəsində Səlcuk Bayraktar döyüş pilotsuz təyyarələrinin müharibənin gedişatını dəyişdirdiyini bildirib.
“Müharibə 44 gün davam etdi. 44 gün boyunca eskadrilyalar halında “Bayraktar TB2” döyüş pilotsuz təyyarələrimiz kəşfiyyat, müşahidə kimi əsas vəzifələri ilə yanaşı aşkarlanan hədəfləri, o cümlədən hava hücumundan müdafiə sistemlərini zərərsizləşdirdi. Hansı ki, hava hücumundan müdafiə sistemləri əslində hava qüvvələrini zərərsizləşdirmək üçün nəzərdə tutulan çox güclü sistemlərdir. Bununla yanaşı tankları, zirehli maşınları, olduqca çox sayda qaubitsa və artilleriya batareyalarını məhv etdi. Eskadrilyalar şəklində gecə-gündüz fasiləsiz olaraq, hər cür meteroloji şərtlərdə uçdu”, - Səlcuk Bayraktar deyib.
O bildirib ki, bəhs edilən pilotsuz təyyarələr əslində robot-təyyarələrdir. “Bayraktar TB2”-nin içərisində 40-a yaxın kompüter var. Seriya istehsalı bu il başlayan və daha üstün göstəricilərə, döyüş qabiliyyətinə malik olan “Akıncı” pilotsuz döyüş təyyarələrində isə 100-ə yaxın kompeter var.
S.Bayraktar, həmçinin qeyd edib ki, Qarabağ müharibəsində “Bayraktar”lar həm də düşmənin elektron mübarizə vasitələrini dəf etməliydi:
“Çox inkişaf etmiş elektronik hərb sistemlərinə qarşı SİHA-larımız onların həmləsindən yayınmaqla öz vəzifələrini icra etməliydi. Allaha şükürlər olsun ki, bu müharibə çox qısa zamanda yekunlaşmış oldu və içimizdə qanayan o yara (torpaqların işğalı) bir mənada qapandı deyə bilərəm”.