"Ermənistan tərəfi imzalanan birgə bəyanatın şərtlərini 9 ayda bu və ya digər şəkildə pozursa, o zaman Azərbaycanın da bu bəyanatın şərtlərini yerinə yetirmək kimi məsuliyyəti aradan qalxır".
Bu sözləri Unikal.org-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Ekspert bildirib ki, Ermənistanın dolayısı yolla həmin ərazilərə silahlı qüvvələr yeritməsi və Rusiya sülhməramlılarının buna göz yumması Azərbaycanın daha radikal addımlar atmağa vadar edir:
"Ermənilər bu cür addımlar atmaqla sanki Gorus-Qafan yolunun bağlanmasını israr etdilər. Digər tərəfdən isə Ermənistan sentyabrın 2-də separatçı rejimin seçkilərinə hazırlaşır. Nə sülhməramlı qüvvələrdən, nə də Ermənistan tərəfdən bu seçkilərin keçirilməsinin məqsədəuyğun olmadığı haqqında heç bir bəyanata rast gəlmirik. Separatçı rejim isə hazırlığını daha da intevsivləşdirir. Ola bilsin ki, bu onları daha da cəsarətləndirir. Belə olan halda Azərbaycan da daha adekvat addımlar ata bilər. Gorus-Qafan yolunun bağlanması son addım deyil. Əlimizdə kifayət qədər daha təsirli mexanizmlər var. Hesab edirəm ki, bu mexanizmləri işə salmazdan əvvəl rəsmi səviyyədə ultimatum səsləndirilməli və ya həmin seçkilərin həyata keçirilməsində Azərbaycanın imkan verməyəcəyi barədə tərəflər məlumatlandırılmalıdır. Əgər ultimatumlara reaksiya olmazsa, proseslər olduğu kimi davam edərsə və ya seçki keçirilərsə Azərbaycan o zaman müxtəlif təsirli vasitələrdən bu seçkinin qarşısını almaq üçün istifadə də bilər".
Gülayə Mecid