Nazirlik: “Bölgələrdə çevik telekommunikasiya şəbəkəsinin qurulması məqsədilə 4-cü nəsil simsiz rabitə texnologiyası – LTE tətbiq edilir”
Koronavirus pandemiyası dövründə informasiya və kommunikasiya texnologiyalarının (İKT) inkişafı prioritet olub. Pandemiya səbəbindən bir sıra sahələrdə fəaliyyətin onlayn rejimə keçməsi İKT-ə təlabatı artırıb. Qarşıdan isə yeni tədris ili gəlir. İndi təhsil ictimaiyyətini maraqlandıran məsələlərdən biri də pandemiya dövründə təhsilin necə təşkil olunacağıdır.
Bu məsələ koronavirusa yoluxmanın sayından asılı olduğundan konkret fikir söyləmək mümkün olmasa da, ötən tədris ili məsafədən təhsil İKT ilə bağlı bir sıra problemləri üzə çıxartdı. Orta və ali təhsil ocaqlarında tədrisin məsafədən təşkili bəzi ərazilərdə ümumiyyətlə internetin olmadığı problemini ortaya qoydu. Bəs görəsən pandemiya dövründə yaşadığımız bu problemlərin həlli istiqamətində hansı addımlar atılıb? Ölkəmizdə informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi istiqamətində hansı işlər görülür?
Bununla bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, vətəndaşların telekommunikasiya xidmətlərinə olan tələbatının ödənilməsi, dayanıqlığın və keyfiyyətin təmin edilməsi məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin müvafiq qurumları tərəfindən mərhələli şəkildə bütün zəruri işlər həyata keçirilir:" "Bakı Telefon Rabitəsi" MMC ("Baktelecom") tərəfindən Bakı və ətraf ərazilərdə yerləşən fərdi evlərdən ibarət yaşayış massivlərində “Evədək optika” layihəsinin icrasına başlanılıb. GPON (Gigabit Passive Network) texnologiyası əsasında tətbiq edilən bu layihə bir optik xətt üzərindən istifadəçilərin telefon, internet və televiziya xidmətlərinə qoşulmasına imkan yaradır. Texnologiya telefon xətlərindən asılılığın olmaması, 100 Mbit/s-ə qədər qoşulma sürəti və digər üstünlüklərə malikdir. Eyni zamanda, “Baktelecom” məhdud infrastrukturlu Bakıətrafı ərazilərdə simsiz rabitə – LTE (Long Term Evolution) texnologiyası üzərindən sakinlərin rabitə xidmətləri ilə təminatını həyata keçirir. Təqdim edilən “Simsiz rabitə” xidməti ilə uzun zaman mövcud olan telefon çəkilişi və internet xidmətləri ilə təchizat çətinliyi aradan qaldırılır. İstifadəçilər “simsiz” şəbəkəni dəstəkləyən xüsusi avadanlıq əldə etməklə rabitə xidmətlərindən yararlana bilirlər. “Aztelekom” MMC tərəfindən aparılan işlər nəticəsində artıq Sumqayıt şəhərinin ətraf ərazilərinin sakinləri internet və multimedia xidmətlərindən yararlanırlar".
Nazirlikdən o da bildirilir ki, rabitə şəbəkəsi olan kənd və qəsəbələrdə yeni tikilən evləri və genişlənən əraziləri, habelə yeni salınmış yaşayış məntəqələrini telekommunikasiya xidmətləri ilə təmin etmək məqsədilə mövcud tutumun artırılması və xətt şəbəkəsinin tikilməsi istiqamətində tədbirlər görülür. Bu məqsədlə Biləsuvar, Zaqatala, Qazax rayonlarında və Şirvan şəhərində ONU (Optical Network Unit – Optik Şəbəkə Bloku) tipli avadanlıqlar quraşdırılaraq istifadəyə verilib. Bununla yanaşı, həyata keçirilən şəbəkənin müasirləşdirilməsi layihəsi çərçivəsində göstərilən xidmətlərin çeşidini və həcmini artırmaq üçün mövcud mis kabel xətləri fiber-optik xətlərlə əvəzlənir və GPON texnologiyası tətbiq edilir. Kəndlərdə köhnə tipli avadanlıqlar müasir avadanlıqlarla əvəz olunur, xətt şəbəkəsi təmir edilir, şəbəkənin genişləndirilməsi işləri aparılır. Proses hazırda da davam etdirilir. Görülən işlərin nəticəsi kimi, vətəndaşların telefon və internetlə təmin olunmasında artım müşahidə edilir.
Onu da qeyd edək ki, bu gün problem təkcə bəzi ərazilərdə internetin olmaması yox, həm də internetin sürətinin zəif olmasıdır. Nazirlikdən bildirirlər ki, internet xidmətinin verilməsində kəsintilər və ya sürətin aşağı enməsi müxtəlif xarici və daxili amillərin təsiri ilə baş verə bilər: "Mis kabellər müasir standartlara cavab verən fiber-optik xətlərə nəzərən xarici təsirlərə məruz qalır. ADSL texnologiyasında yüklənən axının sürəti ötürülən axının sürətindən yüksək – yəni asimmetrik olur. Bu səbəbdən “Baktelecom” tərəfindən mis xətlərin dayanıqlı fiber-optik xətlərlə əvəzlənməsi işləri aparılır. “Baktelecom” Bakı şəhəri üzrə köhnə və yeni tikililərdə optik şəbəkəyə keçidlə bağlı “Evədək optika” layihəsinin icrasını həyata keçirir. Görülən işlər çərçivəsində “Baktelecom”un inşa etdiyi 180 min mənzilə müasir standartlarla genişzolaqlı xidmətin ötürülməsinə imkan yaradılıb. “Baktelecom” istifadəçilərindən internetin sürəti ilə bağlı müraciətlər daxil olarkən çətinlik fərdi qaydada araşdırılır, xətt göstəricilərinin texniki normalara uyğunluğu müəyyənləşdirilir, şəbəkəni ötürən modemin saz vəziyyətdə olmasına diqqət yetirilir.
Məlumatda o da qeyd olunur ki, bölgələrdə çevik telekommunikasiya şəbəkəsinin qurulması məqsədilə 4-cü nəsil simsiz rabitə texnologiyası – LTE tətbiq edilir. Artıq Sumqayıt şəhərinin ətraf ərazilərində, Abşeron rayonunun bir sıra yaşayış məntəqələrində və Xaçmaz rayonunun kəndlərində sakinlər internetlə yanaşı, digər multimedia xidmətlərindən də faydalana bilirlər.
Gülayə Mecid
İstiqamət: İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.