"Çox maraqlı oyun alındı. Hər iki komandanın futbolçuları alqışa layiq idi. Oyunçularımı təbrik edirəm. Düşündüyümdən daha yaxşı oynadılar. Uzun müddətdir ki, çempionatda bu qədər azarkeşin qarşısında oynamırdıq. Meydanda əsl futbol gördük".
Unikal.org xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Neftçi"yə 2:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın III tur oyunundan sonra mətbuat konfransında deyib.
49 yaşlı mütəxəssis bildirib ki, çempionatda fasilənin yaranması futbolçunun formasına təsir edir: "Çoxdandır birlikdə oynamırdılar. Bu gün qərar verdim ki, əsas heyət üzvləri birlikdə meydana çıxsın. İstər-istəməz yorğunçuluq olur. Oyunçular matçdan əvvəl bir dəfə normal məşq etmişdilər".
Qurbanov Konfrans Liqasının I turunda Bakıda qarşılaşacaqları İsveçrə "Bazel"i ilə oyun haqqında da danışıb: "Bazel"lə görüşdə futbolçular daha yaxşı ola bilər. Bu gün meydança ağır idi. Bu məni bir az narahat edirdi".
Təcrübəli baş məşqçi rəqibin görüşün sonlarında daha çox irəli atıldığını sözlərinə əlavə edib: "Əks-hücumçulara çıxsaq da, sonluq yaxşı alınmadı. Toral Bayramov yorulmuşdu, ona görə narahat idim. Əlbəttə ki, çatışmazlıqlar var. Səhvlər olanda bəzən sevindirici olur. Çünki belə olanda futbolçuları ələ almaq mümkündür".
Mütəxəssis iki qol vuran İbrahima Vadji barədə bunları diqqətə çatdırıb:
"O, fərqli çempionatdan gəlib. Çox istəkli futbolçudur. Meydanda sonadək mübarizə aparır. Vadjiyə alqış düşür. "Neftçi"nin müdafiəsini təzyiqdə saxladı. Məşqlərdə çox istəklidir. Bəzi çatışmayan cəhətləri var. Ustalıq səviyyəsini daha da yaxşılaşdıracağına inanıram".