"Biz hər bir rayonun inkişafı ilə bağlı lazımi addımları atacağıq".
Unikal.org xəbər verir ki, bunu Prezident İlham Əliyev Rafiq Cəlilovu Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı və Rəşad Tağıyevi Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən deyib.
"Əsas infrastruktur layihələrinin başa çatması o demək deyil ki, biz bu maliyyə və maddi dəstəyi kəsəcəyik. Yox, verəcəyik, ancaq məqsədyönlü şəkildə, ancaq bütün qaydaları nəzərə almaq şərti ilə verəcəyik. Bir də ki, həbs edilmiş icra başçıları, - təkcə Cəlilabad, Şəmkir rayonlarından söhbət getmir, - digər rayonlarda da tender prosedurlarını kobudcasına pozurdular. Yəni, dövlət xətti ilə aparılan layihələrin, dövlət alışlarının icrası ilə əlaqədar tenderlərdə adətən bir neçə icra başçısına, ya da ki, onun müavininə yaxın olan şirkətlər qalib gəlirdilər. Nə üçün? Çünki burada da rüşvətxorluq və mənimsəmə halları kütləvi xarakter alırdı və bu da dövlət büdcəsinə böyük ziyandır", - dövlət başçısı bildirib.