"Sabah bizi ağır oyun gözləyir. Çox məsuliyyətli matç olacaq".
Unikal.org xəbər verir ki, bunu "Qarabağ"ın kapitanı Maksim Medvedev Konfrans Liqasının qrup mərhələsinin I turunda "Bazel"lə keçiriləcək oyun barədə danışarkən deyib.
Sabah Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşma öncəsi mətbuat konfransına qatılan 32 yaşlı müdafiəçi, qrup mərhələsinə qələbə ilə başlamaq istədiklərini söyləyib:
"Ab-hava yaxşı vəziyyətdədir. Səbrsizliklə bu qarşılaşmanı gözləyirəm. İstəyirik ki, özümüzü yaxşı tərəfdən göstərək. Baş məşqçinin tapşırıqlarını yerinə yetirsək, uğurlu nəticə qazanacağıq. Rəqibi təhlil etmişik. Hələ də analiz üçün vaxtımız var".
"Biz mərkəzi arenada oynamağa öyrəşmişik. Ora bizim üçün uğurlu stadiondur. BOS-da isə oyunumuz alınmır və yaxşı nəticə qazana bilmirik. Bu tilsimi qırmaq istəyirik".