Sentyabrın 23-də Azərbaycan Dillər Universitetində (ADU) 20 Yanvar şəhidi, ADU-nun tələbəsi olmuş Ülvi Bünyadzadənin anadan olmasının 52-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Mərasim şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başayıb.
Universitetdən Unikal.org-a verilən məlumata görə, ADU-nun rektoru, akademik Kamal Abdulla təhsil ocağında əlamətdar günün yaşandığını qeyd edib. Rektor Ülvi Bünyadzadə haqqında xatirələrindən danışarkən onu sakit və yüksək mədəniyyətə sahib tələbə kimi xatırlayıb:
“Mən ona auditoriyada dərs demişəm, yaxın ünsiyyətimiz olub. Xaricən sakit olsa da, daxilən çılğın tələbə idi. Bu, onun şairliyində, vətənə olan sevgisində özünü göstərirdi. O, vətəni qəlbən sevən gənc idi. Məhz elə buna görə idi ki, həmin o qanlı yanvar günü biganə qalmayıb, bilərəkdən ölümü seçdi. Ülvi bizim - universitet heyətinin qəlbində hər zaman əbədi yaşayacaq.”
Universitetin elmi işlər üzrə prorektoru, professor Novruz Məmmədov Azərbaycanın istiqlal yolundan danışıb, gəncləri Ülvi Bünyadzadənin yaradıcılığı ilə yaxından tanış olmağa, onun keçdiyi qəhrəmanlıq yolunu təbliğ etməyə səsləyib.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Könül Bünyadzadə qardaşının xatirələrindən danışarkən onun universitet və müəllimləri ilə bağlı yüksək fikirlərini dilə gətirib. Qeyd edib ki, hər adam vətəndaş kimi doğulsa da, vətəndaş kimi vətəninə başucalığı, şərəf gətirmir: “Universitetə hər gəlişimdə bu nadir xoşbəxtliyin qardaşıma nəsib olduğunun bir daha şahidi oluram. Hər zaman universitetin tələbələrinə həsəd aparıram ki, onlar Ülvinin gəzdiyi dəhlizdə gəzirlər, ona dərs deyən müəllimlərdən dərs alırlar. Ülvinin nəfəsini universitetdə yaşatdığınız üçün hər birinizə təşəkkürümü bildirirəm”.
ADU rektorunun sosial məsələlər üzrə müşaviri Ələddin Əliyev Ülvinin yaradıcılığı, vətənə olan sevgisini gənclər üçün örnək adlandırıb: “Ülvi şair idi. Ülvi vətənpərvər idi. İllər əvvəl Ülvinin anım tədbirlərinin birində atası Yusif Bünyadzadə ilə həmsöhbət olduqdan sonra bunun ailədən qaynaqlandığının şahidi oldum”.
1990-cı il yanvarın 20-də keçmiş SSRİ silahlı qüvvələrinin Bakıya və respublikanın bir neçə rayonuna hərbi təcavüzünün tarixi haqqında məlumat verən universitetin Qafqazşünaslıq kafedrasının dosenti Qorxmaz Mustafayev qəlbi vətən həsrəti ilə döyünən tələbə Ülvi Bünyadzadənin azadlıq uğrunda şərəfli döyüş yolundan bəhs edib.
Tədbirdə ADU-nun tələbələri Ülvi Bünyadzadənin şeirlərini səsləndiriblər.
Qeyd edək ki, Ülvi Yusif oğlu Bünyadzadə 23 sentyabr, 1969-cu ildə Göyçə mahalının Basarkeçər rayonunun Kəsəmən kəndində ziyalı ailəsində dünyaya göz açıb. Ülvi Bünyadzadə ibtidai təhsilini Kəsəmən kəndində, orta təhsilini (1986) isə Daşkəsən şəhərində alıb. 1987-ci ildə SSRİ-nin 50 illiyi adına APXDİ-nin ingilis dili fakültəsinə daxil olub. Ülvi ərəb, fars, latın, özbək dillərində (sərbəst öyrənməklə) yazıb-oxumağı, ingilis, rus dillərini isə mükəmməl bilirdi. “Vətən üçün ölməliyik”, “Mən qorxmuram uzaq yola çıxmaqdan”, “Qocalmaz, sevgi qocalmaz”, “Heyif ki...” və s... şeirlərin müəllifidir. Ölümündən sonra ona "20 Yanvar şəhidi" fəxri adı verilib.