Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ailələri dövlətin xüsusi diqqət və qayğısı ilə əhatələniblər. Xüsusilə, 44 günlük Vətən müharibəsində şəhid olan igidlərimizin ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, gündəlik qayğılarının həlli ilə bağlı mütəmadi tədbirlər həyata keçirilir.
Unikal.org xəbər verir ki, Prezident İlham Əliyevin şəhid ailələrinin sosial müdafiəsi ilə bağlı daxili siyasət kursunun icrası məqsədi ilə Gəncə şəhərində də müvafiq işlər görülür. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırığına əsasən, 44 günlük Vətən müharibəsində şəhid olan hərbçi və mülki şəxslərin ailələri mütəmadi şəkildə ziyarət olunur, görüşlər təşkil edilir.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, Nizami və Kəpəz rayon icra hakimiyyətlərinin məsul işçiləri, aidiyyəti ictimai birliklərin nümayəndələri həftə ərzində Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət ediblər.
Ziyarətlər zamanı öz qanı, canı bahasına Vətən torpağını düşmən tapdağından azad edən igidlərimizin şərəfli döyüş yoluna nəzər salınıb, yaxınlarının onlarla bağlı xatirələri dinlənilib. Şəhər rəsmiləri şəhidlərin ailə üzvlərinin sosial problemləri və gündəlik qayğıları ilə də maraqlanıblar. Səsləndirilən müraciətlərin qısa zamanda həlli üçün müvafiq addımlar atılıb.
Bununla yanaşı Gəncədə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda, o cümlədən bir sıra iri sənaye müəssisələrində “27 sentyabr – Anım günü” ilə əlaqədar şəhid ailələri ilə görüşlər keçirilib.
Görüşlər zamanı qeyd olunub ki, milli həmrəyliyin, peşəkar rəhbərliyin, effektiv hərbi strategiyanın və Ordumuzun gücü düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi və Ermənistanın işğalçılıq siyasətinə son qoydu. Müzəffər Ali Baş Komandanın rəhbrliyi ilə qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu.
Ziyarətlər və görüşlər zamanı çıxış edən şəhid ailələrinin üzvləri öz növbələrində göstərilən daimi diqqətə görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və şəhər rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, şəhid ailələrini ziyarətlər bundan sonra da davam etdiriləcək.