“Müharibə təbii ki, önlənə bilərdi. Mən dəfələrlə bu mövzu ilə əlaqədar fikirlərimi bildirmişdim. Minsk Qrupu vaxtında Ermənistana ciddi təzyiq göstərsəydi, təbii ki, Ermənistan işğal altında saxladığı torpaqlardan çıxmaq məcburiyyətində qalacaqdı. Belə olan halda da müharibəyə ehtiyac qalmazdı”.
Unikal.org-un məlumatına görə, bunu Prezident İlham Əliyev “Anadolu” Agentliyinə müsahibəsində deyib.
Dövlət başçısı qeyd edib ki, Minsk Qrupuna həmsədrlik edən üç dövlət Birləşmiş Millətlər Təhlükəsizlik Şurasının üç daimi üzvü olmasına rəğmən onlar bu təzyiqi göstərməyib: “Bunlar dünya miqyasında ən güclü ölkələr olaraq qəbul edilir. Onların siyasi ağırlıqları, siyasi imkanları yox idimi ki, Ermənistana bu ciddi mesajları göndərsinlər? Sadəcə olaraq, “nə hərb, nə sülh” siyasətini seçmişdilər.
Digər tərəfdən, mən Minsk Qrupu həmsədrlərinə və digər böyük dövlətlərə Ermənistana sanksiya tətbiq edilməsi məsələsində dəfələrlə müraciət etdim. Bu da müharibənin qarşısını ala bilərdi. Çünki bu sanksiyalar Ermənistana böyük çətinliklər yaşadacaqdı və onlar məcbur olub bizim torpaqlarımızdan çıxacaqdılar.
Biz münaqişənin sülh yoluyla həll edilməsi üçün bütün yollardan istifadə etdik. Müharibə olmasın, qan tökülməsin. Lakin bununla yanaşı, mən deyirdim ki, biz bu vəziyyəti qəbul etməyəcəyik, nəyin bahasına olursa-olsun, öz torpaqlarımızı azad edəcəyik. Sadəcə şans verirdik”.
Azərbaycan Prezidenti bildirib ki, Ermənistanda 2018-ci ildə iqtidara gələn hakimiyyət danışıqlar prosesinə də böyük zərbə vurub: “Çünki onların uyğunsuz və məsuliyyətsiz açıqlamaları danışıqlar prosesini iflic etdi. Belə bir vəziyyətdə Minsk Qrupu faydalı və cəsarətli addımlar atmalıydı, fəqət onlar sadəcə müşahidə edirdilər. Sadəcə, müşahidəçi kimi yanaşırdılar buna. Dolayısı ilə 2-ci Qarabağ müharibəsinin başlamasında əlbəttə ən böyük məsuliyyət Ermənistandadır. Eyni zamanda Ermənistanı vaxtında dayandırmayan böyük dövlətlər də məsuliyyət daşıyır”.