Malayziyanın nüfuzlu “Utusan Malaysia” qəzeti Azərbaycanın 44 günlük Vətən müharibəsinin başlamasının ildönümü ilə bağlı geniş məqalə dərc edib.

Unikal.org xəbər verir ki, “Ermənistan-Azərbaycan müharibəsinin ildönümü” sərlövhəli məqalə qəzetin xarici xəbərlər üzrə müxbiri Taqib Şaker tərəfindən qələmə alınıb.

Məqalədə Ermənistanın 1980-ci illərdən etibarən Azərbaycana qarşı başlatdığı təcavüzkar siyasətin məğzi izah olunub, sonrakı dövrlərdə Ermənistanın apardığı siyasətin açıq və qanlı zorakılığa çevrildiyi və Azərbaycanın keçmiş Dağlıq Qarabağ vilayəti və ətraf rayonlarının işğalı ilə nəticələndiyi qeyd edilib. Müəllifə görə, Ermənistanın həmin illərdə işğalçılıq hissi o qədər şiddətlənib ki, hətta keçmiş Dağlıq Qarabağ vilayətindən kifayət qədər uzaqda olan Azərbaycan ərazilərini, misal üçün, Naxçıvan Muxtar Respublikasının Kərki kəndini də silah gücünə ələ keçirib.

T.Şaker yazır ki, ötən əsrin 90-cı illərində baş verən dəhşətli hadisələrdə Ermənistan tərəfi nəinki beynəlxalq çağırışlara və vasitəçilik cəhdlərinə məhəl qoymayıb, hətta 1991-ci il noyabrın 20-də Qarakənd faciəsini törədərək məsələnin dinc yolla nizamlanmasına çalışan 22 nəfər günahsız azərbaycanlını və xarici ölkə vətəndaşını helikopterdə qətlə yetirib. BMT qətnamələrini qulaqardına vuraraq öz işğalçı əməllərini davam etdirib.

Müəllif hesab edir ki, Qafqaz regionunda Ermənistan kimi kiçik və inkişaf etməmiş ölkənin özünü beynəlxalq ictimaiyyət qarşısında bu qədər “cəsur” şəkildə aparması, o cümlədən azərbaycanlılara qarşı təkəbbürlü davranışı həmişə təəccüb doğurub. T.Şakerə görə, Azərbaycan məscidlərinin donuz tövləsinə çevrilməsi, iki il əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın həmin vaxtlar işğal altında olan torpaqlarında sərxoş şəkildə rəqs etməsi hadisələrin pik nöqtələrindən sayıla bilər.

Lakin müəllifin fikrincə, Ermənistanın belə təkəbbürlü davranışları, o cümlədən işğalçı əməlləri yalnız 44 günlük Vətən müharibəsinə qədər davam edib. T.Şaker yazır: “İndi isə Azərbaycan regionda sülh, təhlükəsizlik və əməkdaşlıq gözləyir. Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, artıq Dağlıq Qarabağ məsələsi həll olunub”.

Müəllif onu da vurğulayıb ki, Malayziya hələ ötən illər ərzində həmişə birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Bu dəstək isə həmişə Azərbaycan xalqı tərəfindən rəğbətlə qarşılanıb. Vətən müharibəsi dövründə də Malayziyanın qətiyyətli mövqeyi davam edib. Müharibə başladıqdan dərhal sonra Malayziya Xarici İşlər Nazirliyi Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edən və tərəfləri dinc nizamlamaya çağıran bəyanat verib. Malayziya Parlamentində dostluq qrupunun rəhbəri Datuk Rosman bin Datuk Haji Isli isə 2020-ci il oktyabrın 1-də Ermənistanın işğalçı fəaliyyətlərini kəskin şəkildə pisləyən sənəd imzalayıb.

Məqalənin sonunda müəllif oxuculara müraciət edərək, Azərbaycan və Malayziya arasında qardaşlıq münasibətlərinin mövcud olduğunu, bu baxımdan Azərbaycanda baş verən hadisələrin yaxından izlənilməsinin əhəmiyyətini xatırladır.

Əlavə olaraq qeyd edək ki, 1939-cu ildən nəşr olunan “Utusan Malaysia” Malayziyanın ilk malaydilli qəzeti olmaqla yanaşı, ən yüksək tirajla gündəlik dərc edilir və ölkənin ən ucqar nöqtələrinə çatdırılır.