Azərbaycan istər qonşu ölkələr, istərsə də digər dövlətlərlə münasibətlərin dostluq müstəvisində olmasının tərəfdarıdır. Lakin son dövrlər baş verənlər onu göstərir ki, bəzi dövlətlər Azərbaycanın dostluq və sülh çağırışlarına fərqli prizmadan yanaşmağa başlayıblar. Son günlər İrandan Azərbaycana qarşı atılan təhdid, diplomatik təhqir və digər xoşagəlməz addımlar ciddi müzakirə mövzusuna çevrilib.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə İranın son addımlarına sərrast cavab verib. "Biz xoş niyyət göstəririk. Amma o demək deyil ki, biz özümüzə qarşı əsassız ittihamları qəbul edəcəyik. Mən bunu burada – Cəbrayılda, bax, burada Araz çayının kənarında deyirəm, Azərbaycan xalqına və bütün dünyaya, bizə qarşı əsassız ittihamlar cavabsız qalmayacaq" – deyə İlham Əliyev bildirib.

Dövlət başçısı deyib ki, biz bu ittihamları rədd edirik, qəbul etmirik və sübutlar tələb edirik. Bu yaxınlarda İranın hansısa əyalət mollası ağzını açıb Azərbaycana qarşı iftiralar uyduranda biz buna fikir vermədik: “Amma sonra, əfsuslar olsun ki, rəsmi şəxslər bizə qarşı əsassız ittihamlar irəli sürməyə başlamışlar. Guya ki, Azərbaycan bu bölgələrə İsraili gətirib. Gözlərini açsınlar, görsünlər. Bunlar İsraili burada harada görüblər?! Burada bir adam da yaşamır. Burada bir bina da yoxdur. Sübutlar var? Yoxdur. Sübutlar yoxdursa, hər kəs gərək dediyi sözlərə görə cavabdehlik daşısın. Biz imkan verə bilmərik ki, bizə qarşı kimsə əsassız iftira uydursun”.

Xatırladaq ki, bir neçə gün öncə Prezident İlham Əliyev “Anadolu” agentliyinə müsahibəsində də bu məsələyə diqqət çəkmişdi. O, İranın təlimləri niyə indi keçirməsi ilə bağlı məqama toxunaraq, haqlı suallar ünvanlamışdı. İlham Əliyev həmin müsahibəsində İranın addımlarını faktlarla ifşa etdi.

Məsələylə bağlı fikirlərini Unikal.org-la bölüşən politoloq Elxan Şahinoğlu deyib ki, Ermənistan İran-Azərbaycan gərginliyindən öz məqsədləri üçün istifadə etməyə çalışır. Onun fikrincə, birincisi, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan tələsik Tehrana gedərək ölkəsinin İranla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirib:

“Bunun qarşılığında Tehran Gorus-Qafan yoluna alternativ yol çəkəcəyini İrəvana vəd edib. Yolu inşa edəcək İran şirkətinin nümayəndə heyəti artıq İrəvanda danışıqlara başlayıb. İkincisi, Litvaya səfəri zamanı bu ölkənin erməni icmasının nümayəndələriylə görüşən baş nazir Nikol Paşinyan deyib ki, Ermənistan İranın ona verdiyi dəstəyi heç zaman unutmayacaq. “Birinci Qarabağ savaşında Ermənistan məhz İranın sayəsində blokadadan çıxdı və həyat yoluyla problemlərini həll etdi” deyən Paşinyan Ermənistanın heç zaman İrana qarşı planlarda iştirak etməyəcəyini and-aman edib. Paşinyan bununla demək istəyib ki, “Ermənistan Azərbaycandan fərqli olaraq İranın düşmənləri ilə dostluq etməyəcək”.

Ermənistan qul psixologiyasından qurtula bilmir, Rusiyaya nökərçilik az idi, indi də ikinci ağaları – İrana sədaqət andı veriblər. Rusiyaya nökərçilik Emənistanı 44 günlük savaşdan xilas etmədi, İrana qulluğun da Ermənistana bir faydası olmayacaq. Əksinə, bir gün gələcək Moskva kimi Tehran da İrəvana kiminlə dostluq, kiminlə münasibətlərdə məsafə saxlamağı əmr edəcək. Tehranın Azərbaycanla bağlı bu oyunu alınmadı, İrəvan isə bəri başdan nökər olmağı vəd edib. Ermənistanın ikinci xozeyinə baş əyməsi Kremlin çox da xoşuna gəlməyəcək. Misal üçün Rusiya və İran Suriya məsələsində ortaq olsalar da, Tehranın Bəşər Əsədə nəzarət etməyə çalışması, “Hizbullah”dan İsrailə qarşı istifadə etməsi Kremlin xoşuna gəlmir. Rusiyanın İsraillə də yaxın münasibətləri var. Eyni ilə İranın Ermənistanı tədricən nəzarətə götürməyə çalışması Kremlin narahatlığına səbəb olacaq”.

E.Şahinoğlu onu da nəzərə çatdırıb ki, necə ki, İrəvan İran-Azərbaycan gərginliyindən öz məqsədləri üçün istifadə etməyə çalışır, rəsmi Bakı da Rusiya-Ermənistan-İran üçbucağının zəif nöqtələrini tapmağa çalışmalıdır: “Digər tərəfdən İranın Azərbaycana artan təzyiqi  fonunda qonşu ölkəyə qarşı sanksiyalar tətbiq edən mərkəzlərin də gözlərini açmağa çalışmalıyıq. Ayrıca, Azərbaycanı cəzalandırmağa çalışan ermənipərəst amerikalı konqresmenlərə qarşı ABŞ-dakı daha güclü yəhudi lobbisi ilə təmaslarımızı genişləndirməliyik. İran Azərbaycana qarşı açıq kartlarla oynamağa başlayıbsa, biz də kartlarımızı açmalıyıq. Prezident İlham Əliyev dünən Araz çayının kənarında “hardadır burda İsrail” deyərək Tehranın bəyanatlarına seyrçi qalmayacağını açıq bəyan etdi”.

Z.Məmmədli