Xızı rayonunda mühafizəçinin qətli ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə Unikal.org-a rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, noyabrın 3-ü saat 09 radələrində Xızı rayonu ərazisində yerləşən “Yaşma Quşçuluq” MMC-nin ətraf mühafizəsində işləyən 1999-cu il təvəllüdlü Sərxan Mirzəbabayevin bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Həyata keçirilən istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, zərərçəkmişin iş yoldaşı, onunla eyni vəzifədə işləyən 1998-ci il təvəllüdlü Şəhriyar Salahlı şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Sərxan Mirzəbabayevin döş qəfəsinin ön səthinin sol yarısına bıçaqla bir neçə xəsarət yetirərək onu qəsdən öldürüb.
Faktla bağlı Xızı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Şəhriyar Salahlı şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.