İsmayıllı Rayon Polis Şöbəsinə müraciət edən rayonun Göytəpə kənd sakini ona məxsus evdən 6850 manat dəyərində qızıl-zinət əşyalarının və 300 manat pulun oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Unikal.org-a verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar keçirilən əməliyyat zamanı həmin cinayət əməlini törədən şəxsin zərərçəkmişin qohumu Z.Piriyeva olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.

Araşdırma zamanı qonaq qismində həmin evə gələn Z.Piriyevanın oradan oğurluq etdiyi və oğurladığı qızıl-zinət əşyalarını Bakı şəhərində satdığı məlum olub.

Əldə etdiyi pulun və qızıl-zinət əşyalarının bir qismi ondan maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.