2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda hasil olunan qiymətli metalların həcmi açıqlanıb.
Unikal.org-un Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, 10 ay ərzində ölkəmizdə 6 834,8 kiloqram qiymətli metal filizləri və konsentratları hasil edilib.
Onların ümumi hasilatı 2020-ci ilin yanvar-oktyabr aylarının göstəriciləri ilə müqayisədə 207,3 kiloqram və ya 3,1 faiz artıb. Bu dövr ərzində 2 876,8 kiloqram qızıl, 3 958 kiloqram gümüş hasil edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə qızıl hasilatı 3,5 faiz azalıb, gümüş hasilatı isə 8,6 faiz artıb.
Təkcə oktyabr ayı ərzində isə ölkədə 268,7 kiloqram qızıl, 447,8 kiloqram gümüş hasil edilib.
Bildirilib ki, 1 noyabr 2021-ci il tarixinə görə, ölkədə 212,5 kiloqram hazır qızıl ehtiyatı, 244,3 kiloqram hazır gümüş ehtiyatı var.
Əlavə edək ki, müvafiq dövrdə 2096,1 ton mis filizləri və konsentratları hasil edilib. Ümumi hasilat həcmi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,9 faiz azalıb. Bu məhsul növü üzrə 239 ton hazır ehtiyat yaranıb.(oxu.az)