Göygöl rayonunda silsilə oğurluq etməkdə şübhəli bilinərək saxlanılan fizika müəllimi Elnur Hüseynovun başqa cinayətləri də üzə çıxıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, Göygöl rayon polis şöbəsinin İstintaq bölməsində istintaq olunan iş üzrə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş Hüseynov Elnur Rasim oğlunun 14 aprel 2021-ci il tarixdə Yevlax rayonu Aşağı Bucaq kəndində yerləşən sexdə 1968-ci il təvəllüdlü Hüseynova Səidə İmran qızının yanaraq ölməsi faktına görə Yevlax rayon prokurorluğunda istintaqı aparılan cinayət işi üzrə həmin hadisədə iştirakının olub-olmaması istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.
Qeyd edək ki, DİN-in rəsmi məlumatına görə, E.Hüseynov həmkəndliləri ilə qabaqcadan əlbir olaraq 2019, 2020 və 2021-ci illərdə oğurluq cinayətləri törədərək vətəndaşlara külli miqdarda ziyan vurub. Cinayətkar dəstə vətəndaşlara məxsus mal-qara və dəyərli əşyaları oğurlamaqla ümumilikdə 172 min manatdan çox ziyan vurublar.
Dindirilmə zamanı, Göygöl rayon Çaykənd kənd məktəbində fizika müəllimi işlədiyini bildirən E. Hüseynov və digər şəxslər törətdikləri cinayət hadisələrini etiraf ediblər.