2021-ci ildə dünyanın 20 ölkəsində 45 jurnalist və media işçisi peşə borcunu yerinə yetirərkən baş vermiş insidentlər nəticəsində qətlə yetirilib.
"Unikal" xəbər verir ki, bu barədə Beynəlxalq Jurnalistlər Federasiyasının (IJF) paylaşdığı illik məlumatda qeyd edilib.
Bildirilib ki, həlak olan jurnalistlərdən 33-ü hədəflənmiş hücumlarla qətlə yetirilib.
Nəticədə 1991-ci ildən sonra qətlə yetirilən jurnalistlərin sayı 2 721 nəfərə çatıb.
Ötən il Asiya-Sakit Okean zonasında 20, Qərb yarımkürəsində 10, Afrikada 8, Avropada 6 jurnalist qətlə yetirilib.
Yaxın Şərq və Ərəb ölkələrində isə 1 jurnalist qətlə yetirilib.
2021-ci ildə Əfqanıstanda 9 jurnalist qətlə yetirilib ki, bu da Əfqanıstanı jurnalistlər üçün ən təhlükəli ölkə edib.
Jurnalistlərin ən çox qətlə yetirildiyi digər ölkələr Meksika (8), Hindistan (4), Pakistan (3) olub.
Məlumatda qeyd olunub ki, son illər jurnalistlər üçün silahlı münaqişələrdən qaynaqlanan risklər azalsa da cinayətkar dəstələr və Meksikadan Avropa şəhərinin küçələrinədək yayılmış narkotik kartelləri ilə bağlı təhdidlər artmaqdadır və bunlar jurnalistlərə qarşı hədəflənmiş hücumların böyük əksəriyyətini təşkil edirlər.
IJF-in hesablamalarına görə 2020-ci ildə 65 jurnalist qətlə yetirilib. Təşkilatın dünyanın 145 ölkəsindən 600 mindən çox jurnalist üzvü var.
Xatırladaq ki, ötən il iyunun 4-də Azərbaycan Televiziyasının teleoperatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) peşə borcunu yerinə yetirmək məqsədi ilə Azərbaycanın Kəlbəcər rayonunun Susuzluq kəndinə gedərkən ermənilərin yola yerləşdirdiyi minaya düşərək həlak olub.
Video