Bakı Nəqliyyat Agentliyi bu gün səhər saat 06:00 radələrində Bakının Suraxanı rayonu ərazisində üç sərnişin avtobusunun toqquşduğu qəza ilə bağlı açıqlama yayıb.

"Unikal" xəbər verir ki, qurum hadisənin nəzarətə götürüldüyünü, müvafiq araşdırma aparıldığını bildirib:

“Marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti göstərən “BUS TRANS” MMC, “Transkontrol” MMC və “Azlənd Plaza” MMC-nin məsul şəxsləri Bakı Nəqliyyat Agentliyinə çağırılaraq izahatları alınıb”.

Məlumatda o da qeyd olunub ki, hadisə nəqliyyat vasitələrinin reysə başlanma vaxtından əvvəl qeydə alındığından avtobuslarda sərnişin olmayıb: ““Azlənd Plaza” MMC müvəqqəti istismarında olan 217 nömrəli marşrutun sürücüsü xəsarət alıb”.

***

10:31

Bakıda 3 avtobus toqquşub, xəsarət alan var.

Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu gün səhər saat 06:00 radələrində FHN-in “112” qaynar telefon xəttinə paytaxtın Suraxanı rayonu ərazisində Suraxanı dairəsində bir neçə avtomobilin iştirakı ilə yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən 3 avtobusun iştirakı ilə yol-nəqliyyat qəzasının baş verdiyi, hadisə nəticəsində 1990-cı il təvəllüdlü Məmmədov Rəvan Fazil oğlunun idarə etdiyi “Daewoo” markalı avtobusda sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər xüsusi xilasetmə alət və avadanlıqları vasitəsilə sıxılı vəziyyətdə qalmış avtobus sürücüsünü xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.