Bakıda daha bir narkokuryer saxlanılıb.
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Həyata keçirilən tədbir zamanı narkotik vasitələrin satışı ilə məşğul paytaxt sakini, əvvəllər məhkum olunmuş Xudaverdi Allahverdiyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1 kiloqram 65 qram heroin aşkar edilərək götürülüb. Araşdırma zamanı həmin şəxs narkotik vasitələri satmaq məqsədi ilə xarici ölkələrdən birinin vətəndaşından onlayn yolla aldığını bildirib.
Qeyd edək ki, Xudaverdi Allahverdiyev narkotik vasitələrin satışını həyata keçirdiyi üçün izini itirmək məqsədi yaşayış ünvanlarını mütəmadi olaraq dəyişirmiş. Sonuncu dəfə Nərimanov rayonunda külli miqdarda heroini satış məqsədi ilə əldə edən zaman polislər tərəfindən saxlanılıb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Xudaverdi Allahverdiyev barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.
Nərimanov rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.