Azərbaycan millisinin futbolçusu Mahir Emreli hələ də Polşa "Legiya"sının azarkeşlərinin təhdidinə məruz qalır.
Bu barədə "Unikal"-a 25 yaşlı hücumçunun vəkili Anıl Dinçer məlumat verib.
Onun sözlərinə görə, fanatlar sosial şəbəkələr vasitəsilə forvardı hədələyirlər: "Bu gün özü ilə bu barədə danışdıq. Yazırlar ki, Polşaya gələndə gününü görəcəksən".
Qeyd edək ki, "Legiya"dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. İngiltərədən hüquqşünas tapan hücumçu müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib. O, belə bir addımı atmasında "Legiya"nı günahlandırıb. Forvard azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını deyərək, avtobus insidentindən sonra Varşava komandasında çıxışını davam etdirməsini qeyri-mümkün sayıb.